YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dinamik inkişaf yolunda

Cavanşir Yusubov

YAP Mingəçevir şəhər təşkilatının sədri

Bu gün Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdirmək üçün ölkənin regionlarında kifayət qədər iqtisadi potensial mövcuddur və bu potensialın reallaşdırılması məsələsi daim dövlətin diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıya qoyulan vəzifələrin cari onillikdə effektiv icrasının təmin edilməsi xüsusi önəm kəsb edən məsələdir. Belə ki, növbəti səkkiz il ərzində reallaşdırılmalı olan milli prioritetlər ölkənin sosial-iqtisadi inkişafında yeni hədəflərə çatmağı, o cümlədən məhz qeyri-neft iqtisadiyyatının daha dinamik inkişafını təmin edəcək. Əlbəttə ki, üç il öncə qəbul edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da ölkənin rayon və kəndlərinin sosial-iqtisadi inkişafının sürətlənməsini təmin etməklə Milli Prioritetlərdə qarşıya qoyulmuş məqsədlərə nail olunması işinə öz töhfələrini verməkdədir. Bu sahədə görülmüş işlər nəticəsində bölgələrdə infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, rayon və kəndlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə olunub. İyulun 25-də Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına təyin olunmuş yeni icra hakimiyyəti başçılarını qəbul edərkən bu məsələlərə xüsusi olaraq toxunub. Bildirib ki, Dövlət Proqramının uğurlu icrası nəticəsində son illər bütün rayonlarımızda irimiqyaslı abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib, insanları narahat edən problemlərin böyük bir hissəsi həll olunub. Həmçinin bölgələrdə elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələrinin icrası, müasir səhiyyə və təhsil ocaqlarının tikintisi istiqamətində böyük işlər görülüb.

Əlbəttə ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrasının birbaşa ölkədə yeni iş yerlərinin açılması kimi vacib sosial məsələnin həlli baxımından da xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamaq lazımdır. Azərbaycanda 2004-cü ildən həyata keçirilən bu proqramlara uyğun olaraq regionlarda müasir infrastruktur yaradılıb, iqtisadiyyatın inkişafı təmin olunub və çoxsaylı yeni iş yerləri açılıb. Məlumdur ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin daha bir nəticəsi olaraq ölkədə müsbət demoqrafik tendensiya formalaşıb. Azərbaycanın əhalisi getdikcə artır və bu gün ölkə əhalisinin sayı on milyondan yuxarıdır. Bu isə o deməkdir ki, ölkədə yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Bu baxımdan əlbəttə ki, sahibkarlığın inkişafı da yeni iş yerlərinin yaradılması prosesində mühüm rol oynayır. Diqqətəlayiq haldır ki, ölkə başçısı tərəfindən imzalanmış bütün qanun, fərman və sərəncamlar Azərbaycanda özəl sektorun, sahibkarlığın inkişafı üçün ən əlverişli mühitin yaradılmasına hesablanıb. Təbii ki, yeni iş yerlərinin açılması məqsədilə dövlət tərəfindən də məqsədyönlü addımlar atılır. Bu baxımdan son illər ödənişli sosial iş yerlərinin yaradılması təcrübəsinin geniş vüsət aldığını qeyd edə bilərik. Bu təcrübə xüsusilə regionlarda əhalinin işlə təminatı məsələsinin həllinə kifayət qədər böyük dəstək olur. Bununla belə işsizlik probleminin həllində məhz sahibkarlıq subyektlərinin rolunun aparıcı mövqelərdə olması məsələnin daha fundamental, həm də kompleks şəkildə həllini təmin edə bilər.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev yeni icra hakimiyyəti başçılarına verdiyi tapşırıq və tövsiyələrində xüsusi olaraq qeyd edib ki, sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblərin irəli sürülməsi hallarına qətiyyən yol verilməməli, icra başçıları özləri sahibkarları rayonlara cəlb etməlidir. Həmçinin dövlət başçısı Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialının zənginliyini qeyd edərək, bu rayonların turizm mərkəzinə çevrilməsini əsas vəzifələrdən biri kimi qarşıya qoydu. Vurğuladı ki, Göygöl, Masallı və Lerik rayonlarında müasir istirahət zonalarının, otel komplekslərinin inşası bundan sonra daha geniş vüsət almalıdır. Göründüyü kimi, dövlət başçısının qarşıya qoyduğu tələb və vəzifələr olduqca əhatəli olmaqla bir sahənin deyil, rayon və bölgələrin ümumi iqtisadiyyatının inkişafını nəzərdə tutur. Belə ki, bir rayonda turizmin inkişafı həm yeni obyektlərin tikintisi, yolların çəkilməsi ilə inşaat sektorunda, həm də xidmət, daşımaları həyata keçirəcək nəqliyyat, istehsal və ticarət sektorunda canlama yaradacaq. Bütün bunlar isə ilk növbədə təbii ki, həm də yeni iş yerləri deməkdir.

Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir və bu inkişaf ölkəmizin gücünü, qüdrətini artırır, insanlarımızın rifah səviyyəsini getdikcə yüksəldir.