YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan etibarlı və perspektivli tərəfdaşdır

İndoneziyanın ANTARA Milli İnformasiya Agentliyi Azərbaycanın bu ölkədəki səfiri Cəlal Mirzəyevin müsahibəsi əsasında “Avropa İttifaqı və Azərbaycan enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb” başlıqlı məqalə yayımlayıb.

Məqalədə Avropa İttifaqı ilə Azərbaycan arasında cari il iyulun 18-də Bakıda imzalanan enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti barədə ətraflı məlumat verilir. Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin bu əməkdaşlığı yüksək qiymətləndirməsi və onu Avropanın enerji xəritəsini tamamilə dəyişəcək layihə hesab etməsinə dair fikirlər əksini tapıb. Həmçinin, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin Memorandumun Aİ üçün Azərbaycanla enerji sahəsində əməkdaşlıqda yeni səhifə açması ilə bağlı sözlərinə istinad edilib.

Məqalədə səfir Cəlal Mirzəyevin sənədin imzalanmasının məqsədinin parnik qazlarının azaldılması yolu ilə temperaturun 1,5 dərəcə Selsi aşağı salınması barədə Paris Sazişinin ratifikasiyasının həyata keçirilməsi səylərinin bir hissəsi olduğu barədə fikirləri də qeyd edilib. Bununla yanaşı, səfirin təbii qazın hələ uzun müddət Avropa İttifaqında enerji istehlakı baxımından mühüm rol oynamaqda davam edəcəyi barədə fikirləri vurğulanıb.

Yazıda, həmçinin, səfirin bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində, o cümlədən elektrik enerjisi mübadiləsində əməkdaşlıq potensialının nəzərdən keçirilməsinin vacibliyini qeyd etdiyi, Azərbaycan və Aİ-nin ərazi bütövlüyünə, beynəlxalq sərhədlərin toxunulmazlığına, bir-birinin, o cümlədən Aİ-yə üzv olan bütün dövlətlərin müstəqilliyinə və suverenliyinə, eləcə də mehriban qonşuluq münasibətləri prinsipinə qarşılıqlı hörmət və dəstəyə sadiq olduqlarını vurğuladığı əksini tapıb.

Səfirin enerji sektorunda strateji tərəfdaşlıq sahəsində təbii qazın, eləcə də “yaşıl enerji”nin Aİ-yə nəqlini asanlaşdırmaq və əməkdaşlığı genişləndirmək məqsədilə həyata keçirildiyini söylədiyinə diqqət yönəldilib.

C.Mirzəyevin Xəzər təbii qazının Aİ ölkələrinə çatdırılması, həmçinin tədarükün şaxələndirilməsi üçün Cənub Qaz Dəhlizinin qazı Qərbi Balkan ölkələrinə də göndərmək potensialına malik olduğunu, 2027-ci ildən sonra dəhliz vasitəsilə Aİ-yə hər il 20 milyard kubmetr qaz ixracının dəstəklənəyəcəyini bildirdiyi vurğulanıb.

Qeyd edək ki, ANTARA Milli İnformasiya Agentliyinin yaydığı məqalə İndoneziyanın digər mətbu orqanları tərəfindən də təkrar yayımlanıb.