YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan öhdəliklərini yerinə yetirməyə məcburdur

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Laçın şəhərindən yan keçən yeni avtomobil yolu haqqında danışarkən bildirdi ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyannamədə açıq-aydın göstərilir ki, üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Yeni yolun çəkilməsinin əhəmiyyəti ondan ibarətdir ki, Laçın şəhərinin mərkəzindən keçən əvvəlki yola ehtiyac qalmayacaq və bu rayondan olan keçmiş məcburi köçkün soydaşlarımızın qısa zaman ərzində öz doğma yurd-yuvalarına qaytarılması mümkün olacaq. Yeni yolun çəkilməsi ilə əlaqədar olan bənd 10 noyabr Bəyannaməsinə məhz Prezident İlham Əliyevin təkidi ilə salınıb ki, bu da dövlətimizin strateji maraqlarına xidmət edir. Artıq yeni yol hazırdır. Bu isə o deməkdir ki, Laçın şəhərinin mərkəzindən keçən əvvəlki yol artıq orada müvəqqəti yerləşdirilən sülhməramlıların nəzarətindən çıxaraq Azərbaycan Ordusunun nəzarətinə keçəcəkdir. Bununla yanaşı, həmin ərazidə Ermənistan tərəfindən qanunsuz şəkildə məskunlaşdırılan insanlar da Laçın şəhəri, Zabux və Sus kəndlərindən çıxarılır. Demək olar ki, bu proses yekunlaşmaq üzrədir. Həmin ərazilərdən qanunsuz məskunlaşdırılmış insanların çıxarılması Azərbaycan dövlətinin birmənalı tələbidir. Azərbaycan dövləti, eyni zamanda, humanist addım ataraq həmin insanların oradan çıxarılması üçün avqust ayının sonuna kimi vaxt da verib. Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış insanların oradan çıxarılması təbii haldır. Onlar orada yaşaya bilməzlər. Bu, Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin tərkib hissələrindən biridir. Orada yaşayan insanları Ermənistan tərəfi Livan və Suriyadan köçürərək gətirib. Həmin insanlar bunun cinayət olduğunu anlamasalar da, Ermənistan tərəfi bunu çox yaxşı anlayır. Odur ki, müxtəlif vasitələrə əl atmaqla Azərbaycanın səbrini sınağa çəkmək cəhdləri Ermənistan üçün yaxşı heç nə vəd eləmir. Orada qanunsuz formada məskunlaşmış insanlar öz xoşları ilə çıxmalı və gəldikləri yerə də qayıtmalıdırlar. Çünki Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qısa zaman ərzində öz doğma sakinləri qayıdacaqlar. Artıq bununla bağlı Azərbaycan Prezidenti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müvafiq tapşırıqlar verib.

Prezident İlham Əliyev onu da qeyd etdi ki, Azərbaycan öz öhdəliklərinə sadiqdir. Lakin Ermənistan isə yenə də fitnəkarlıqla məşğuldur. Ermənistanın vaxt uzatmaq cəhdləri heç bir nəticə verməyəcək və bunu birdəfəlik anlamaq lazımdır. Bu kimi vasitələrlə heç nə Ermənistanın xeyrinə dəyişməyəcək. Ermənistan ərazi iddialarından birdəfəlik əl çəkməli və Azərbaycanla normal münasibətlər qurmağa çalışmalıdır. Azərbaycan güclü dövlətdir və hazırda Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı işlər də bu gücün göstəricisidir. Qarabağda yaşayan erməni əsilli insanlar da əslində bu gücü görürlər. Sadəcə burada yaşayan erməni əsilli insanlar dərk etməlidirlər ki, onlar Azərbaycan ərazisində yaşayırlar və Azərbaycan vətəndaşlarıdırlar. Onlar üçün heç bir əlavə status və imtiyazdan söhbət belə gedə bilməz. Azərbaycanda yaşayan vətəndaşlar və digər xalqların nümayəndələrinin hüquqları necə təmin olunursa, Qarabağda yaşayan ermənilərin də hüquqları o qaydada təmin ediləcəkdir.