YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluğun, qardaşlığın, həmrəyliyin təzahürü

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Prezident İlham Əliyevin avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən Qazaxıstanın ali ordeni ilə təltif olunması ölkəmizin Qazaxıstanla münasibələrinin inkişafına, ümumilikdə türk dünyasının birliyinə verdiyi töhfələrin təsdiqidir. İki qardaş ölkə həm ikitərəfli, həm də beynəlxalq məsələlərin həllində eyni mövqedən çıxış edirlər. Təbii ki, bu, münasibətlərdə qarşılıqlı etimad mühitinin mövcudluğundan, həyata keçirilən siyasətin ədalətə və beynəlxalq hüquqa əsaslanmasından irəli gəlir. Bu gün Azərbaycanın strateji tərəfdaşlıqdan rəsmi olaraq müttəfiqliyə keçməsi də bir çox məqamlara aydınlıq gətirir.  Prezident İlham Əliyev səfərin yekununa dair mətbuata birgə bəyanatda bildirib ki, Qazaxıstan və Azərbaycan əməkdaşlığı beynəlxalq səviyyədə də yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz üzv olduqları ən mötəbər və aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edir, daim bir-birini dəstəkləyir və bu, gələcəkdə də davam edəcək.

Təbii ki, bu münasibətlər ölkələrimiz arasında sıx iqtisadi əməkdaşlığın formalaşmasında və genişlənməsində mühüm rol oynayır. Nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük perspektiv planlar mövcuddur. Bir daha qeyd olundu ki, hazırda ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi məqsədilə Orta Dəhliz layihəsi həyata keçirilir. Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var.

Azərbaycan və Qazaxıstan prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”, həmçinin “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” adlarında bütün məqamları açıqlayır. Kompleks Proqramda bütün sahələrin kompleks şəkildə inkişaf etdirilməsi nəzərdə tutulur. Səfər zamanı müxtəlif strukturlar arasında 20-dən artıq sənədin imzalanması da buna xidmət edir.  Bir sözlə, münasibətlərimizin daha geniş şəkildə inkişafı üçün hüquqi baza yaradılıb.

Azərbaycan və Qazaxıstan təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərdir. İmzalanan Bəyannamə tərəflərin üzərinə məsuliyyət qoyur. Prezident İlham Əliyev bildirib ki, biz bu məsuliyyətə hazırıq: “Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək”.

Sənəddə diqqəti çəkən siyasi məqamlar var. Belə ki, Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi qeyd edilir. Bu, Orta Dəhlizin tərkib hissəsi olacaq. Qazaxıstan Azərbaycanın beynəlxalq siyasi müstəvidə haqlı mövqeyini dəstəklədiyini bir daha təsdiq edir.

Səfər çərçivəsində, həmçinin Azərbaycan və Qazaxıstan prezidentləri Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olublar. Dövlət başçısı İlham Əliyev bu təqdimatı Qazaxıstanda keçmiş məcburi köçkünlərin qayıtması probleminə nə dərəcədə səmimi münasibət bəslənildiyinin, bu problemin Qazaxıstan üçün də nə dərəcədə aktual olduğunun göstəricisi kimi qeyd edib. Bu təşəbbüs dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür.

Həmçinin keçirilən görüşlərdə postmünaqişə dövrünün reallıqları fonunda Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşdırılması, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində atdığı real addımlardan da geniş bəhs olunub.

Dost, qardaş, siyasətində ədalətə və beynəlxalq hüquqa önəm verən ölkələr Azərbaycanın mövqeyini müdafiə edir, dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Bölgədə dayanıqlı sühün təmin olunması yeni əməkdaşlıq formatlarının yaradılması üçün əsasdır. Postmünaqişə dövrünün əsas çağırışlarından biri məhz yeni əməkdaşlıq formatlarının yaradılmasıdır. Türkdilli dövlətlər bu hədəfə nail olmaq üçün səylərini artırır, birliklərini daha da möhkəmləndirirlər.