YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərkəzi Asiya və Cənubi Qafqazın qlobal təhlükəsizlik və əməkdaşlıqda rolu

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

Şuşa Bəyannaməsinin ildönümünü təxminən iki ay öncə qeyd etdik. Ondan bir həftə sonra Azərbaycan Prezidentinin qardaş Özbəkistana rəsmi səfəri, bu səfər çərçivəsində iki qardaş ölkə arasında strateji əməkdaşlığın, siyasi, iqtisadi,  mədəni, hərbi-texniki, sosial, elmi əlaqələrin müttəfiqlik səviyyəsinə  qaldırılmasının həm regional, həm də qlobal təhlükəsizlik üçün əhəmiyyəti barədə səslənmiş fikirlər, bu münasibətlərin daha geniş müstəviyə yayılmalı olduğu, coğrafiyası və təsir dairəsinin genişlənməli olduğu barədə fikir mübadilələri, bunun üçün həm münbit geosiyasi zəminin, həm milli-mədəni, sosial-iqtisadi, həm tarixi əsasların, həm də regional inteqrasiya və qlobal konsolidasiya üçün platformanın mövcudluğu barədə proqnozlar, Mərkəzi Asiyanın əhali resurslarına və hərbi gücünə görə ən böyük türk dövləti, 35 milyon əhaliyə və 448 924 km² əraziyə malik olan Özbəkistanla “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə” imzalanması ilə yekunlaşdı. Cəmi iki ay keçdi və avqustun 24-də, növbəti belə bir sənəd, artıq bu regionun digər böyük türk dövləti – 19 milyon əhalisi və 2 724 902 km² ərazisi ilə dünyada 9-cu olan, qardaş Qazaxıstanla “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə” imzalanması ilə yaddaşlara həkk olundu.

Ərazisinə və iqtisadi resurslarına görə Qazaxıstan Mərkəzi Asiyanın, Azərbaycan isə Cənubi Qafqazın lider dövlətləri, geosiyasi və geoiqtisadi  mövqelərinə  görə isə dünyanın diqqət mərkəzində olan dövlətlərdir.

Bu gün nəqliyyat dəhlizlərinin diversifikasiyası mövzusunun getdikcə daha çox aktuallıq qazanması, Avrasiya materikinin mərkəzində, Rusiya və Çin kimi nəhəng dövlətlərin arasında yer alan Qazaxıstanı düşünməyə vadar etdiyi kimi, Mərkəzi Asiyanın Avropa qitəsinə yeganə alternativ çıxışı sayılan Azərbaycanın da  geostrateji əhəmiyyətini artırır. Son dərəcə həssas və mürəkkəb, maraqların kəsişdiyi regionlarda yerləşmələri, hər iki dövlətin çoxvektorlu və başqa dövlətlərin maraqlarına zərər verməyən, balanslaşmış siyasət aparmasını şərtləndirir ki, bu siyasət də ilk növbədə iqtisadi maraqların təmin edilməsinə, bu dövlətlərin yerləşdiyi coğrafi məkanın verdiyi üstünlüklərdən maksimum yararlanaraq həm lokal, həm də qlobal, regional və beynəlxalq müstəvidə sülhün, əmin-amanlığın, iqtisadi və siyasi əməkdaşlığın inkişafına nail olmağa təşviq edir.  

Azərbaycanın malik olduğu nəqliyyat və logistika şəbəkəsi, neytral sulara çıxışı olmayan bu dövlətlər üçün – obrazlı desək – nəfəslik rolu oynadığı kimi, ölkəmizin də strateji əhəmiyyətini artırır və yeni iqtisadi güc mərkəzinin formalaşmasında həlledici amilə çevrilir. 

Qazaxıstanın Çin ilə 1782 kilometrlik sərhəddi, inkişaf etmiş nəqliyyat sistemi, nəqliyyat logistika əməkdaşlığı var ki, bu da Çindən Avropaya uzanan tranzit qovşağının, tarixi ipək yolunun, “bir kəmər bir yol” layihəsinin əsas həlqələrindən biri olmağa namizəd olan Azərbaycan üçün son dərəcə cazib bir perspektiv sayılır. Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Ölkəmiz həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin kəsişdiyi yeganə ölkədir və bu səbəbdən də həm özündən şimalda və cənubda, həm də şərqdə və qərbdə yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaratmaqda maraqlıdır. Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək. Qazaxıstan bu perspektivləri görür və buna görə də Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Digər tərəfdən, Qazaxıstan özü böyük taxıl və karbohidrogen ixracatçısı olan bir ölkədir. Bu ölkənin əsas neft və qaz ixracatı Rusiyanın Novorossiysk limanı, KTK adlanan Xəzər Boru Xətti Konsorsiumu vasitəsilə həyata keçirilir. Lakin zaman-zaman bu xəttin sıradan çıxması və yaxud da çeşidli səbəblərdən fəaliyyətində fasilələr yaranması Qazaxıstana çox böyük maliyyə itkiləri gətirir ki, bu da alternativ ixrac kanallarının aktuallığını, neft ixracını diversifikasiya arzusunu artırır. Ona görə də Aİ, ABŞ və bir sıra digər dövlətlər tərəfindən Rusiyadan neft idxalına tətbiq edilən sanksiyalar və bu sanksiyalar nəticəsində bazarda yaranmış defisit riski də Qaqzaxıstanın öz neftini Bakı-Ceyhan neft kəməri ilə nəql etmək arzusunu  şərtləndirən amillərdəndir.

Digər tərəfdən, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çin ilə Avropa  arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən kommunikasiya vasitəsi sayılır və Qazaxıstana da Avropa bazarlarına çıxış imkanı verir. Məlum olduğu kimi, bu marşrutla artıq sınaq yükdaşıması həyata keçirilib və Çindən Avropaya daşınan mallar Qazaxıstan üzərindən keçməklə, 12 gün ərzində mənzil başına – Avropaya çatdırılıb. Gələcəkdə bu nəqliyyat strukturunun genişləndirilməsi hər iki dövlət üçün maraq kəsb edir. Bu gün Qazaxıstan üçün prioritet, maksimum diversifikasiya, dünya okeanına, dünya bazarına çıxış əldə etməkdən ibarətdir ki, bu istəyin reallaşmasında Azərbaycan Qazaxıstana unikal imkanlar təklif edir.

Azərbaycan da öz növbəsində Qazaxıstanın tranzit imkanlarından istifadə etməklə  Çin ilə iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlıdır ki, bu da iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına, habelə münasibətlərin müttəfiqlik formatına keçməsinə zəmin yaradır.

Azərbaycan-Qazaxıstan münasibətləri həmişə isti və qarşılıqlı  etimad əsasında  qurulmuş münasibətlər olub. 2004-cü ildən etibarən isə bu münasibətlər strateji əməkdaşlıq müstəvisinə keçid edib. Azərbaycan Prezidentinin yürütdüyü son dərəcə ağıllı və uzaqgörən siyasət nəticəsində, torpaqlarımızı işğal altında  saxlayan Ermənistan ilə eyni hərbi-siyasi blokda – KTMT-də yer alan Qazaxıstan bütün beynəlxalq səviyyələrdə ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib və qardaş ölkənin bu dəstəyi, qurumun digər üzvlərinin mövqeyinə də təsirsiz ötüşməyib. Bu faktorun özü də Ermənistanın yalnızlaşmasına və özünə arxa hesab edə biləcəyi qurumun dəstəyindən məhrum qalmasına aparan amillərdən olub.

Qazaxıstanla Azərbaycan arasındakı münasibətlərin intensivliyi, möhkəmlənməsi və inkişafı heç şübhəsiz ki, türkdilli dövlətlər arasında inteqrasiya prosesinə də öz müsbət təsirini göstərir. Mərkəzi Asiyanın həm ərazicə, həm də resurslarına və təbii ehtiyatlarına görə ən böyük dövlətinin Türkdilli Dövlətlər Təşkilatında rolunun artması, digər türkdilli dövlətlərin də bu qurumda fəallığına təsir göstərən amillərdəndir. Azərbaycan Prezidentinin, Qazaxıstan ilə Azərbaycan arasında imzalanmış “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə”ni şərh edərkən, bu Bəyannamənin Mərkəzi Asiyanın ortaq tarixi ənənələrə və mədəniyyətə malik beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcək inkişafına töhfəsini vurğulaması, ölkələrimizi birləşdirən Orta Dəhlizin perspektivlərini xatırlatması məhz bunun təzahürü, yeni əməkdaşlıq paneli və formatının anonsudur. 

Bu görüş, xalqlarımız arasında dostluğun və qardaşlığın təzahürü olmaqla yanaşı, regional təhlükəsizlik və beynəlxalq problemlərin həllinə də müsbət təsir göstərə bilər. Bu gün, öz regionlarının iki lider ölkəsinin, kilid dövlətlərinin liderlərinin görüşü, Prezident Tokayevin təbiri ilə desək – “xüsusi missiya ilə Azərbaycana gəlişi”, çox böyük bir coğrafiyanın iqtisadi və siyasi inteqrasiyasına, nəqliyyat-logistika problemlərinin həllinə imkanlar yaratdığı kimi, Cənubi Qafqaz və Mərkəzi Asiyada maraqlarını reallaşdırmaq istəyində olan digər dövlətlər üçün də böyük perspektivlər vəd edir.