YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mina terroru: Ermənistan cavab verməlidir

Müşfiq Cəfərov

Milli Məclisin deputatı

Laçın şəhəri Azərbaycana təhvil verildikdən sonra erməni xislətinin bariz nümunəsi də ortaya çıxdı. Laçında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 1318 ədəd piyada əleyhinə minalar aşkarlanıb. Təbii ki, bu hələ ilkin mərhələnin statistik göstəricisidir. Bu gün dövlətimiz beynəlxalq səviyyədə terrorizmlə mübarizə aparır. Ermənistanın buradakı məkrli məqsədi Azərbaycan tərəfində daha çox insan itkisinə nail olmaqdır.

Biz regionda sülh, sabitlik naminə mübarizə apardığımız təqdirdə Ermənistan hakimiyyəti hələ də terrorizmlə məşğuldur. Çünki Laçında nəinki piyada əleyhinə minalar, həmçinin tank əleyhinə mina və çox sayda partlamamış silah-sursat aşkarlanıb. Araşdırmalar nəticəsində bir daha məlum olur ki, Ermənistan hakimiyyəti qətiyyən sülh lehinə deyil. 2020-ci ilin noyabr Bəyənnaməsinə əsasən hər iki tərəf hərbi fəaliyyəti dayandırmalı idi. Lakin aşkar edilən minalar 2021-ci il Ermənistan istehsalı olduğundan bir daha Ermənistanın nəinki 2020-ci il üçtərəfli Bəyannaməni, hətta beynəlxalq konvensiyaları da pozduğu aşkardır. Dünyada minalardan çirklənən ölkələr içərisində Azərbaycan artıq ön sıralarda dayanır desək yanılmarıq. Bunun da səbəbi Ermənistanın minalama siyasətidir. Ermənistan bu siyasətini davam etdirdiyi müddətdə həm Azərbaycan vətəndaşlarının zərər görməsinə, həm də sülh və barışıq səylərinə ciddi xələl gətirir. 10 noyabr Bəyannaməsindən sonra Azərbaycanda 232 nəfər mina qurbanı olub. Təəssüf ki, 40 nəfər vətəndaşımız həyatını itirib, 192 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Ermənistanın minalama siyasətinin qurbanlarının əksəriyyəti isə mülki şəxslərdir.

Məsələ ilə bağlı ATƏT, Avropa Şurası, Aİ, BMT kimi beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. Həmin təşkilatlardan öz konvensiya və prinsiplərə sadiqlik nümayiş etdirərək, Ermənistanın bu mənfur əməllərini ifşa edən sənədlər qəbul etməsini, həmçinin Ermənistanı Azərbaycan torpaqlarından çıxarılmağa məcbur edilməsini gözləyirik. Əgər beynəlxalq prinsip və hüquqların işlək olması etibarının qorunub saxlanılması həmin qurumlar üçün əhəmiyyətlidirsə, təcili şəkildə Ermənistanın əraziləri mina çirkləndirməsindən dayandırılmalı, Azərbaycan torpaqlarında törətdikləri terrorizmə görə layiqli cavab verilməlidir. Əks halda dünya ölkələri və xalqları üçün kağız üzərində olan bu konvensiyaların heç bir etibarı olmayacaq və günü-gündən terrorizm, özbaşınalıq demokratik prinsiplərin tapdalanması daha da artacaq. Bu isə dünya üçün heç də yaxşı nəticələr verməyəcək.