YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bütün uğurlarımızın başlandığı gün

Tahir Məmmədov

YAP Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru

Günün bəxtinə bax...Günün uğuruna fikir ver... O gündən üzü bəri xalqımızın, dövlətimizin bəxtinə işıq düşməyə başladı. Parçalanmaqda, dağılmaqda olan bir ölkənin, bir-birindən qopmaqda, bir-birinə yadlaşmaqda olan millətin, xalqın taleyinə Heydər Əliyev böyüklüyü, əzəməti, sevgisi, inamı və ədaləti təzədən boy göstərməyə başladı. Məhz həmin gün - 1991- ci ilin sentyabın 3-də   dünya şöhrətli dövlət xadimi Heydər Əliyev qədim Azərbaycanın ayrılmaz hissəsi  olan   Naxçıvan Muxtar   Respublikası Ali Məclisinin fövqaladə sessiyasında  minlərlə insanın təkidi, tələbi ilə səs  çoxluğu və yekdilliklə Ali Məclisin Sədri seçildi. Elə o gündən görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizin müstəqilliyinin, tərəqqisinin gələcək inkişafının fəaliyyəti ilə bağlı tarixi, siyasi gedişlərinin parlaq səhifələri açılmağa başladı. Beləliklə, həmin dövrdə dahi şəxsiyyət Heydər Əliyev öz zəngin, böyük rəhbərlik, idarəçilik təcrübəsini milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməlləri üzərində qurmağa yönəltdi.

O illərin acı xatirələri indi çox adamın yadındadır. O zaman ölkədə anarxiya hökm sürür, hərc-mərcilik baş alıb gedirdi. Naxçıvan Muxtar Respublikası isə blokada şəraitində olmasına baxmayaraq 1990-1991-ci illərdə Azərbaycan hakimiyyəti Muxtar Respublika üzərində siyasi oyunlar qurur, bu bölgənin vəziyyətini daha da mürəkkəbləşdirməyə çalışırdı. Naxçıvanda hakimiyyətə gələn ulu öndər Heydər Əliyev dərhal islahatlara başladı, həyata keçirdiyi əhəmiyyətli, zəruri tədbirlər nəticəsində əvvəlcə sabitliyin, əmin-amanlığın təməlləri qoyuldu. Sosial-iqtisadi vəziyyətin normallaşdırılması önə çəkildi, bu da həmin dövr üçün böyük bir önəm kəsb edirdi. Aqrar islahatlar  reallaşdırıldı, vacib infrastrukturun tərəqqisi  üçün həyati məsələlər həyata keçirildi. Dünya şöhrətli dahi siyasi xadim olan Heydər Əliyev Naxçıvanda regional məsələlərlə yanaşı, qlobal beynəlxalq problemlərin həllini də unutmur, bu sahədə geniş məqsədyönlü ictimai-siyasi işlər aparırdı. Məhz həmin dövrlərdə qardaş Türkiyə ilə, həmçinin İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa önəm verən ilk rəsmi təmaslar həyata keçirilməyə başladı. Blokada vəziyyətində qalan Muxtar Respublikanın inkişafı istiqamətində məqsədyönlü tələblərin həyata keçirilməsi start götürdü.

Ali Məclisin Sədri Heydər Əliyevin rəhbərliyi ilə 1991- ci il dekabr ayının 16-da   Ali Məclisdə “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” qərar edildi. Bu tarixi zəruriyyətdən yaranan qərarın qəbulu xüsusi əhəmiyyətli ictimai-siyasi, mənəvi bir hadisə kimi dünyaya yayıldı. Eyni zamanda, hələ həmin tarixi hadisədən bir qədər əvvəl isə Heydər Əliyevin  bilavasitə təşəbbüsu və rəhbərliyi ilə  Azərbaycan Xalq Cümhuriyyətinin  üçrəngli Dövlət bayrağı Ali Məclisin  1990-ci il noyabrın  17-də keçirilən sessiyasında  Naxçıvan  Muxtar Respublikasının Dövlət  bayrağı olaraq  təsdiq edilmişdi. Həm də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi qəbul edilib tanınması haqqında vəsatət qaldırmışdı. Bu barədə bir qədər geniş və ürək dolusu danışmağa dəyər! Burada Heydər Əliyev fenomeni bir daha özünü göstərirdi. Azərbaycan Respublikasının mərkəzi dövlət hakimiyyətindən müvəqqəti olaraq kənarda olan, həmişə cəsarətli, qorxmaz, vətəninin təəssübünü, müqəddəsliyini həmişə mərdliklə, qürurla çəkən Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağına olan böyük ehtiramını, məhəbbətini rəsmi şəkildə bildirirdi. Vətəninə, xalqına və dövlətinə əsl məhəbbətin bariz nümunəsi budur. Yəqin ki, indi yetişməkdə olan vətənpərvər, qədirbilən gənclər və gələcək nəsillər bu nadir hadisəni unutmayacaq, həmişə qədirbilənliklə yad edəcəklər. O da uzun illər yaddaşlarda tez-tez çözələnəcək ki, hələ 1990-cı ilin 17 noyabr tarixində keçmiş SSRİ ərazilərində ilk dəfə bir muxtar respublikanın adından “sovet” və “sosialist” sözlərini çıxardan da Naxçıvan Muxtar Respublikası olmuşdur.

Bugünkü azadlığımızın, müstəqilliyimizin banisi heç şübhəsiz ki, ulu öndər Heydər Əliyevdir. Bircə bu faktı misal gətirməklə, onun aşağıdakı sözlərini xatırlamaqla əbədiyaşar rəhbərimizin ruhunu bir daha şad etmiş olarıq: “Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıyıq”. Proqram xarakterli bu mesaj Azərbaycan xalqına doğru və müstəqillik yolunun göstəricisi idi. Çox az bir müddətdən sonra bütün dünya görüb şahid oldu ki, Naxçıvan Muxtar Respublikasının tez-tez çözələnəcək üçrəngli müstəqillik bayrağı 1991-ci ilin fevral ayının 5 də Azərbaycan Respublikasının səmasında dalğalandı!

Beləliklə, 1991-ci ilin 3 sentyabr tarixi hadisəsi - Ulu Öndərin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi təkcə Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və vətəndaş həmrəyliyini yox, Azərbaycanın bütün guşələrini öz doğma isti ağuşuna aldı.

Bütünlüklə Xalqa, Vətənə həsr olunmuş bir mənalı ömrün rəngarəng, dolu səhifələri vərəqlənməyə başladı. Azərbaycan xalqının əbədi, solmaz, saralmaz ömür kitabına çevrilən bu ömür kitabının ilk səhifələri belə başlayırdı: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə bu çətin dövrdə yerinə yetirməliyəm!”

Xalqa bağışlanan ömür heç vaxt bitməyəcək, heç zaman tükənməyəcək, çünki Heydər Əliyevin ömrü Azərbaycan xalqının ömrü qədərdir!