YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfirlərin "diplomatik rəzilliyi"

Samir Vəliyev

YAP Nərimanov rayon təşkilatının sədri 

Bugünlərdə Şuşa şəhərində işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə, bu yöndə ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş beynəlxalq konfransda dünyanın çoxsaylı dövlətlərinin səfirlərindən və nümayəndələrindən, nüfuzlu beynəlxalq təşkilatları təmsil edən şəxslərdən ibarət 160-dan artıq şəxs iştirak etdi. Bu konfransda da ABŞ və Fransa səfirləri iştirak etmədilər. Növbəti dəfə heç bir əsas olmadan belə bir mötəbər tədbirdə iştirak etməkdən imtina edən ABŞ və Fransa kimi dövlətlərin səfirləri əslində yenidən təmsil etdikləri dövlətlərin və onların yürütdükləri siyasətin mahiyyətini ortaya qoymuş oldular.

ABŞ və Fransa dövlətlərini ölkəmizdə təmsil edənlər əslində bu addımları ilə Azərbaycan xalqına və dövlətinə deyil, öz dövlətlərinin yüzillik siyasətlərinə, beynəlxalq aləmdəki nüfuzlarına və uğrunda mübarizə apardıqlarını iddia etdikləri dəyərlərə də zərbə vurmuş oldular. Bununla həm də, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasında qəbul etdikləri 4 qətnamənin də kağızdan başqa bir şey olmadığını etiraf etdilər. ABŞ və Fransanın həmin qətnamələrin qəbulundan otuz il sonrakı addımları bir daha onu göstərdi ki, həmin qətnamələr icra edilmək üçün deyil, görüntü yaratmaq, prosesi uzatmaq və keçmiş münaqişəni həllolunmaz vəziyyətə gətirmək üçün qəbul edilib. Yaxud da, onlar üçün həll dedikdə ədalətli həll deyil, tamamilə ədalətsiz və kimlərinsə maraqlarına xidmət edən həll forması nəzərdə tutulduğu da məlum oldu. Bütün bunların məntiqi nəticəsi olaraq o da bir daha aydın oldu ki, Azərbaycan tərəfi 2020-ci ilin 27 sentyabr tarixində işğalçı Ermənistanın çoxsaylı təxribatlarına nəhayət ki, silahla layiqli cavab vermək, onu yerində oturtmaq və nəticəsiz danışıqları bir kənara qoyaraq düşmənlə başa düşəcəyi dildə danışıb ərazi bütövlüyünü güc yolu ilə təmin etməkdə tam haqlı imiş.

Konfransın mövzusuna diqqət yetirdikdə ABŞ və Fransa səfirlərinin bu mötəbər beynəlxalq tədbirdən yayınmalarının hansı məqsədə xidmət etdiyi özünü aydın şəkildə büruzə verir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada jurnalistlərə açıqlamasında bu addımı Azərbaycanın dəvətinə etinasızlıq kimi dəyərləndirdi. Onların bu addımı, eyni zamanda, ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi də qəbul edilir. Artıq heç kim üçün sirr deyil ki, Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Bu səbəbdən fəaliyyətsiz qurum olaraq Minsk qrupunun missiyası yalnız Ermənistana dəstək verib sülh danışıqlarının imitasiya naminə aparılmasına şərait yaratmaq olub.

Məlum olduğu kimi konfrans azad olunmuş ərazilərmizdə bərpa və quruculuq işlərinə həsr olunmuşdu. Bəs ABŞ və Fransa niyə bu ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, minalardan təmizlənmə prosesi, əhalinin qayıdışının təşkili üçün yaradılan şəraitlə tanış olmağa maraqlı deyillər? Əlbəttə ki, bu yanaşma ciddi suallar doğurur. Tarixi şəhərimiz Şuşa 28 il əsarətdə olduğu vaxtlarda ermənilər bu qədim yurdumuzu nə qədər özününküləşdirməyə çalışsalar da, buna nail ola bilmədilər. Çünki Şuşanın hər qarışı bizim tariximizdir. Bu gün bu ərazilərimizin müasir tələblər səviyyəsində yenidən qurulması, Qarabağın tacı Şuşanın əvvəlki şöhrətinin özünə qayıtması, mədəniyyət paytaxtımız olması ilə yanaşı, diplomatik mərkəzə çevrilməsi Ermənistanla yanaşı, ona 30 il dəstək missiyasını yerinə yetirən havadarlarını da narahat edir. Lakin ABŞ və Fransa kimi böyük dövlətlərin belə yanaşma ortaya qoymaları heç nəyi dəyişmək imkanında deyil. Azərbaycan öz tarixi torpaqlarına sahibdir və daim bu torpaqlarda olacaq.

Burada bir məqam da diqqəti çəkir ki, Azərbaycan müxalifətinin radikal qanadı cəmiyyətimizdən fərqli olaraq ABŞ və Fransanın bu mövqeyini dəstəkləyir. Bu fakt radikalların həmin ölkələrin əlində bir alət olduğunu bir daha təsdiqləyir. Məhz bu kimi milli maraqlara zidd fəaliyyətin nəticəsidir ki, radikal müxalifətin xalqımız arasında zərrə qədər də dəstəyi yoxdur.

Beləliklə, kimin hansı mövqe nümayiş etdirməsindən asılı olmayaraq, Azərbaycan öz torpaqlarının sahibidir, işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri həyata keçirir. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin dediyi kimi biz bu torpaqlara əbədi qayıtmışıq. Bütün dünya Azərbaycanın şanlı qələbəsini tanımağa məcburdur. Bu qələbə müstəqil dövlətimizi daha da gücləndirir, dünyada mövqeyini və nüfuzunu daha da artırır!