YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq Nemət kimiləri ciddiyə almır

Arif Rəhimzadə

YAP Veteranlar Şurasının sədri

Bu günlərdə sosial şəbəkələrdə Nemət Pənahlının Siruz Təbrizliyə istinadən bir çıxışına rast gəldim. Deyə bilmərəm, orada səsləndirilən sözlərin hansı Siruz Təbrizliyə məxsusdur və ya hansı Nemət Pənahlının təxəyyülünün məhsuludur. Hər halda, Siruz Təbrizli həyatda olmadığı üçün onun haqqında bir fikir səsləndirmək istəməzdim. Ancaq həyatının böyük bir hissəsini yaşamış, dövlətçilikdən və dövlət idarəçiliyindən anlayışı olmayan Nemət Pənahlının sözlərindən yan keçə bilmədim.

Özünü “milli qəhrəman” kimi qələmə verən bu şəxsin ilk addımı Azərbaycanla İran sərhəddinin ləğv edilməsi məsələsində iştirakı ilə başladı. Sual yaranır, Nemət Pənahlının bu qədər ziyanlı, düşünülməmiş hərəkətinin məqsədi nə idi?! Naxçıvanı başqa dövlətə birləşdirmək istəyirdi, yoxsa başqa arzuları var idi?!

Əfsuslar olsun ki, bu illər ərzində Nemət Pənahlı Azərbaycan dövləti, dövlətçilik və qanun-qayda haqqında sağlam düşüncəyə, aydın təsəvvürə malik ola bilmədi.

Bəzi məsələləri yenidən xatırlatmaq zərurəti yaranıb.1993-cü il may ayının 25-də Prezident Aparatında hüquq mühafizə orqanları işçilərinin müşavirəsində Əbülfəz Elçibəy demişdir: “Xalq deyir, kaş canımız bu Xalq Cəbhəsinin əlindən qurtaraydı. Prokurorluqdan, məhkəmədən xahiş edirəm, buna cavab versinlər. Bu gün respublika niyə dağılır?”.

“İqtisadi cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq aşkar mənimsənilməsi, qeyri-qanuni yolla xaricə satılması, bir sözlə dövlət əmlakının talan edilməsi adi hala çevrilib. Respublikada rəsmi özəlləşdirilmə başlamamış, qeyri-qanuni yolla dövlət əmlakının özləşdirilməsi adi ilə mənimsəmə prosesi gedir.”  Bunlar isə o zamankı dövlət katibi Əli Kərimlinin sözləridir.

İndi isə Nemət Pənahlıdan soruşmaq gərək: əgər dövlətçilik, qanun-qayda səni narahat edirdisə, Xalq Cəbhəsinin fəal üzvü kimi bu deyilən xoşagəlməz vəziyyətin yaranmasına niyə dözmüsən?!

Ona 1993-cü ildə Prezident Aparatında iş verildi. İşlədiyi müddətdə orada da nəinki heç bir fəaliyyəti olmadı, bir şey də öyrənə bilmədi. Ancaq indi iddialı çıxışlar edir, cəfəng fikirlər səsləndirir.

Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan qurtardı, hüquqi, demokratik ölkə yaratdı. Prezident İlham Əliyev xalqa öz inamını qaytardı, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi, xalqın öz gözündə dəyərini yüksəltdi. Azərbaycanı müasir, inkişaf edən bir dövlətə çevirdi.

Nemət Pənahlı, sənə məsləhətim cəfəng fikirlərdən uzaq dur, səni yalnız sənin kimi cəmiyyətdə özünə yer tapa bilməyən, hay-küyçülər dinləyir. Xalq sənin kimilərin boş sözlərini qəbul etmir və qətiyyən ciddiyə almır. Yaxın keçmişi xalq yaxşı xatırlayır.

DİGƏR Xəbərlər Arxiv