YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Roma geosiyasi xəttində yeni mərhələ...

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-də Romaya işgüzar səfər edib. İtaliyaya səfər tarixi əhəmiyyət kəsb edir və strateji xarakter daşıyan Bakı-Roma münasibətlərini keyfiyyətcə yeni mərhələyə daşıyır.

Səfər çərçivəsində Prezident İlham Əliyev İtaliya Prezidenti və Baş naziri ilə görüşərək iki ölkə arasında mövcud olan əməkdaşlıq və strateji tərəfdaşlıq məsələləri ilə bağlı geniş müzakirələr apardı, Azərbaycanın İtaliyadakı səfirliyinin yeni binasının açılışda, Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimində, İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış”və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində iştirak etdi.

Məlum olduğu kimi, Çernobbio Forumunda müxtəlif illərdə dünya ölkələrinin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu şəxslər iştirak ediblər. Prezident İlham Əliyevin belə bir  mötəbər Foruma dəvət edilməsi Dövlət başçısının həm şəxsiyyətinə böyük hörmətin göstəricisidir, həm də dünya arenasında yüksək nüfuza malik olmasının bariz nümunəsidir.

Prezident İlham Əliyev forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edərək mühüm məsələlərə toxundu, bu mötəbər platformadan beynəlxalq ictimaiyyətə ciddi mesajlar verərək yeni geopolitik durumun mənzərəsini yaratdı, eyni zamanda yeni siyasi-iqtisadi münasibətlərin zəruruliyini diqqətə çatdırdı. Dövlət başçısı çıxışında özü də İtaliyaya budəfəki səfərinin uğurlu olduğunu bildirdi və qeyd etdi ki, iki ölkə arasında aktiv siyasi dialoq var və beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq bu dialoqun daha da dərinləşməsinə təkan verəcək.

Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu haqqında danışarkən Prezident İlham Əliyev bildirdi ki, “Azərbaycan Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrilib. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq”.

Prezident İlham Əliyev regionda bir çox məsələrlə bağlı Türkiyə və Azərbaycanın demək olar ki, vahid komanda kimi hərəkət etdiyini bildirərək, bu faktorun hamı tərəfindən nəzərə alınmasını da diqqətə çatdırdı. Dövlət başçısı Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlıqdan danışaraq, İtaliyanın hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasına xoş münasibət göstərdiyini və bununla yanaşı, bu dövlətin həmişə ölkəmizin NATO ilə əməkdaşlıq qurmaq səylərini dəstəklədiyini bildirdi.

2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur deyən Prezident İlham Əliyev bildirdi ki, “Biz artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Biri Səudiyyə Ərəbistanı, biri Birləşmiş Ərəb Əmirliyi və digəri isə Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq investisiya yatırır və onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. Bu, bizə ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək. Bu isə bizim ixrac potensialımızı gücləndirəcək”.

Dövlət başçısı çıxışında beynəlxalq hüquq normalarının tamamilə pozulmasından bəhs edərək bildirdi ki, beynəlxalq hüquq normaları elə bizim öz məsələmizdə də pozulub. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri 27 il ərzində yerinə yetirilməmişdi. Biz indi bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasını görürük. Dövlət başçısının bu mötəbər platformadan heç kimdən, heç bir qüvvədən çəkinmədən acı həqiqətləri səsləndirməsi, beynəlxalq əhəmiyyət daşıyan reallıqları söyləməsi bir daha Azərbaycanın tam müstəqil  siyasət yürütdüyünün göstəricisidir.