YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan əsgərinin uğurları antimilli qüvvələri narahat edir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri                               

Bütün dünyanın gözü önündə Azərbaycanın qüdrəti, nüfuzu gündən-günə sürətlə artmaqdadır. Bu da Azərbaycanı sevməyən qüvvələrin,  o cümlədən, sapı özümüzdən olan xəyanətkarların yuxusuna haram qatır. Onların bu günlərdə Azərbaycan əleyhinə apardıqları kampaniyalar, etdikləri canfəşanlıq bir daha göstərir ki, həqiqətən xəyanəti özünə əsas yol seçənlər ölkəmizin daxilində ictimai-siyasi vəziyyəti  gərginləşdirmək, ölkə rəhbərliyinin əleyhinə həqiqətdən çox uzaq fikirlər söyləmək yarışına çıxaraq insanları çaşdırmağa çalışırlar. Əlbəttə hər bir dövlətdə, o cümlədən, Azərbaycanda da normal müxalifət olmalıdır. Belə olarsa dövlətimiz daha da sürətlə inkişaf edər. Lakin bizdə adını müxalifət qoyan “beşinci kolon” üzvləri ölkəmizə xəyanət etmək yolunu tutaraq Xocalı soyqırımı kimi vəhşiliklərə əl atmış ermənilərin dəyirmanına su tökməkdədirlər. Görəsən, 1992-ci illərdə Azərbaycanı dağıtmaqla məşğul olan,  ölkəni məhvə sürükləyən Kərimov Əli, Hacıyev Arif, adını tarixçi qoyub xaricdə antimilli fikirlər söyləyən Altay Göyüşov kimiləri o illəri doğrudanmı yaddan çıxarıblar?! Onlar  yaddan çıxarsa da bilməlidirlər ki, Azərbaycan xalqı heç vaxt onların xalqa vurduğu zərbələri, pislikləri yaddan çıxarmayacaq. Təəssüflər olsun ki, onların xəyanətkar əməllərinə həm 44 günlük Vətən müharibəsi zamanı xalqın yumruq kimi birləşdiyi bir dönəmdə, həm də bu günlərdə Müzəffər Azərbaycan Ordusunun düşmən təxribatına qəhrəmancasına cavab verdiyi bir vaxtda bir daha şahidlik etdik. Sənin bu yüksəkliklərdə nə işin var deyən bu antimilli qüvvələr doğrudanmı Azərbaycan vətəndaşlarıdırlar? Bunlar o həddə çatıblar ki, artıq dövlətə, ölkə rəhbərliyinə saxta ittihamlar söyləməkdən, bir az da qabağa gedərək Vətən yolunda canını qurban vermiş əziz şəhidlərimizə, qazilərimizə, onların yaxınlarına qarşı belə yaraşmayan fikirlər səsləndirərək alçaq hərəkətlərə yol verirlər.

Görünən odur ki, adları yuxarıda çəkilən və çəkilməyən antimilli qüvvələr tutduqları bu şərəfsiz yoldan əl çəkməyəcəklər. Ancaq unudurlar ki, Xalq onların bu xəyanətkar hərəkətlərinə həmişə nifrətlə cavab verib və bundan sonra da verəcəklər.

Eyni zamanda hüquq müstəvisində də, bu antimilli qüvvələr ölkəmizin milli maraqlarına zərbə vurduqlarına, düşmənin dəyirmanına su tökdüklərinə görə cəzalandırılmalıdırlar.