YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özünü azərbaycanlı adlandırıb düşmən sırasında dayananlar

Tural Qasımlı

YAP Şamaxı rayon təşkilatının sədri 

Sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhəddində ermənilər tərəfindən törədilən genişmiqyaslı hərbi təxribat bir daha Ermənistan rəhbərliyinin ikiüzlü, riyakar, revanşist siyasət yeritdiyini sübuta yetirdi.

Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyannamənin bütün bəndlərinə uyğun olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan isə iki il vaxt keçməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır.

13 sentyabr təxribatı qətiyyən təsadüfi epizod hesab oluna bilməz. Əksinə son vaxtlar erməni təxribatları davamlı olaraq təkrarlanır və onların əhatə dairəsi də genişlənir. Azərbaycanın bütün bu təhdidlərə dərhal cavab verməyə hər zaman hazır olması, ən əvvəl iki məsələdə- ölkənin hərbi qüdrətinin artırılmasında və milli həmrəylik mühitinin gücləndirilməsində özünü göstərməlidir. Bu gün Azərbaycana qarşı edilən həmlələr sadəcə silahlı dəstələr, hərbi təxribatlarla həyata keçirilmir. Düşmən xalqımızın mənəvi-siyasi birliyini sarsıtmaq üçün də ciddi səylət göstərir, ideoloji diversiyalar hazırlayır. Çox təəssüflər olsun ki, bu ideoloji müharibədə özünü azərbaycanlı adlandırıb faktiki olaraq düşmən sırasında dayananlar da var. Bu isə onların xəyanətkar xislətinin ifadəsindən başqa bir şey deyildir. Belə insanlar Vətən hissindən, mənəviyyat duyğusundan uzaqdırlar. Bu cür xəyanətkarların Azərbaycan adına heç bir aidiyyatı yoxdur.​

Azərbaycan azad edilmiş torpaqlarda yenidən şəhərlər, kəndlər salır ki, 30 il yurd həsrətilə yaşamış insanlarımız yenidən öz dədə-baba torpaqlarına qayıtsınlar. Belə olan halda isə həmin insanların təhlükəsizliyini təmin etmək dövlətin bir nömrəli vəzifəsidir. Bu məqsədlə biz ilk növbədə Ermənistanla sərhəd boyunca mövqelərimizi möhkəmləndirməliyik. Azərbaycan ordusu ərazilərimizi gələcəkdə məruz qoyula biləcəyi təcavüzlərdən qorumaq üçün möhkəm istehkamlar qurmalıdır. Elə sonuncu- sentyabrın 13-də keçirilən antiterror əməliyyatlarının gedişində qəhrəman Azərbaycan ordusunun ələ keçirdiyi strateji yüksəkliklər də ilk növbədə bu məqsədlərə xidmət edir.