YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Radikalların mövqeyi birliyimizə heç bir təsir göstərə bilməz

“Azərbaycan dövləti Cənubi Qafqaz regionunda sülh və əməkdaşlığın tərəfdarıdır. Ölkəmiz Ermənistanla müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq hədəfini dəfələrlə bəyan edib. Azərbaycanın bu qəti mövqeyini Prezident İlham Əliyev postmüharibə dövründə də daim vurğulayıb. Belə yanaşma respublikamızın xoş niyyəti, regionda əmin-amanlığın bərqərar olmasına verdiyi böyük önəmlə bağlıdır. Amma görünən odur ki, Ermənistan hələ də sülhə hazır deyil. Rəsmi İrəvanın son günlər dövlət sərhədində törətdiyi təxribatlar da bunu təsdiqləyir. Müzəffər Azərbaycan Ordusunun bu təxribatların qarşısını layiqincə alması qarşı tərəfə dərs olmalıdır”.

Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, əslində, Azərbaycan 30 il ərzində Ermənistanın havadarlarının dəstəyi ilə davam etdirdiyi işğalçılıq siyasətindən ən çox ziyan çəkən ölkədir. Buna baxmayaraq, Azərbaycan postmüharibə mərhələsində sülh danışıqlarını hər hansı bir ilkin şərtlər irəli sürmədən, hansısa üstünlüklər istəmədən davam etdirir. Respublikamız uzun sürən dağıdıcı müharibədən sonra regiona sabitlik gəlməsini, etimad mühitinin yaranmasını, təhlükəsizliyin bərqərar olmasını və bölgə ölkələri arasında əməkdaşlığın genişlənməsini istəyir. Məhz sülh müqaviləsinin imzalanması bütün bunlar üçün fundamental hüquqi əsaslar formalaşdıracaq. Nə qədər ki, iki ölkə arasında sülh sazişi yoxdur, nə qədər ki, sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməyib, bölgədə silahlar susmayacaq və müharibə riskləri qalacaq. 2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanata və sonrakı mərhələdə əldə olunmuş razılaşmalara tam sadiqlik nümayiş etdirən Azərbaycan sülh sazişinin imzalanması məqsədilə qarşı tərəfə beş bənddən ibarət paket təqdim edib. Rəsmi İrəvan da bu təklifləri qəbul etdiyini açıqlayıb. Bu sənəd beynəlxalq hüquq normalarına əsaslanıb. Aparılan bütün danışıqlarda Azərbaycan tərəfi birmənalı şəkildə bəyan edib ki, bu müddəalar əsasında sülh sazişinin mümkün qədər tez hazırlanmasının və imzalanmasının tərəfdarıdır. Yeri gəlmişkən, elə bu günlərdə respublikamız sülh proseslərinə sadiqliyinin ifadəsi kimi 5 erməni əsirinin qarşı tərəfə qaytarılmasını təmin etdi. Ancaq baş verənlərdən də göründüyü kimi, Ermənistan sülh prosesinə hansısa əməli töhfə verməkdən çox uzaqdır və yalnız imitasiyalarla, manipulyasiyalarla məşğuldur. Müşahidə edilən odur ki, xülyalardan əl çəkmək istəməyən məğlub Ermənistandakı ayrı-ayrı revanşist qüvvələr guya iki ölkə arasında sülh prosesinə başlamaq üçün zəmin formalaşmadığı görüntüsü yaratmağa çalışırlar. Ermənistanın rəhbərliyi aparılan danışıqlarda özünü sülh tərəfdarı kimi qələmə verir və Bakının təqdim etdiyi paketə razılığını bildirir. Razılaşmaların mürəkkəbi qurumamış isə daxili auditoriya qarşısında tam fərqli məzmunlu iddialar səsləndirir. Paralel şəkildə, sərhəddə təxribatlar törədilir. Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmaların kobud şəkildə pozulmasıdır, Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir.

Millət vəkilinin sözlərinə görə, postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərin bərpası və həmin ərazilərə Böyük Qayıdışın təmin edilməsi respublikamızın gündəliyinin mərkəzində dayanan prioritet məsələdir: “Dövlətimiz 30 il ərzində ağır qaçqınlıq və məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın öz doğma yurd yerlərinə Böyük Qayıdışını yüksək səviyyədə təmin etməyə çalışır. Bütün bunlar məğlub Ermənistanda qısqanclıq hissi yaradır. Qarşı tərəf dövlət sərhədi boyunca təxribatlara əl atmaqla işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə də əngəl olmağa çalışır. Lakin ordumuzun “Qətiyyətli cavab” əməliyyatı düşmənin məqsədlərini alt-üst etdi. Qarşı tərəfə növbəti dəfə elə güclü zərbə vuruldu ki, uzun müddət özünə gələ bilməyəcək.”

“Təəssüf ki, düşmən təxribatının qarşısını alarkən şəhidlər verdik. Onların qəhrəmanlığı tariximizdə hər zaman xatırlanacaq, əziz xatirələri daim uca tutulacaq. Bu günlər xalqımız birliyini, həmrəyliyini, Ali Baş Komandan, Prezident İlham Əliyevin və şanlı ordumuzun ətrafında sıx birləşdiyini nümayiş etdirdi. Amma “sapı özümüzdən olan baltalar” yenə də erməni dəyirmanına su tökürlər. Radikal müxalifət təmsilçiləri işğalçı Ermənistanı müdafiə edir, öz ərazi bütövlüyünü qoruyan Azərbaycanı ittiham edirlər. Bunun isə başqa adı yoxdur. Bu, xəyanətdir. Vətən və torpaq məsələsində siyasi kimliyindən və mənsubiyyətindən asılı olmayaraq, hər kəs Vətənin müdafiəsinə qalxmalıdır. Onlar isə əks yolu tutdular. Radikal düşərgə mənsubları olan Əli Kərimli, Qubad İbadoğlu, Sevinc Osmanqızı, Altay Göyüşov, Məhəmməd Mirzəli və başqaları Ermənistanın təxribatçı əməllərinə haqq qazandırmağa çalışır, ermənidən çox ermənilik edirlər. Bütün bunlar ilk dəfə deyil ki, baş verir. Onlar Zəfərdən öncə iqtidarı ittiham edirdilər ki, torpaqları işğaldan azad etmir, bu istiqamətdə hər hansı bir irəliləyiş yoxdur. Amma 44 günlük Vətən müharibəsi başlayanda xalqımızla, ordumuzla həmrəylik göstərmək əvəzinə qəhrəman hərbçilərimizin qazandığı zəfərləri sükutla qarşılayırdılar. Bu da son olmadı. Azərbaycanın qələbəsinin təsdiqi, Ermənistanın məğlubiyyətinin etirafı olan 10 noyabr birgə Bəyanatının imzalanmasından dərhal sonra həmin radikallar qələbəmizə kölgə salmaq üçün dəridən-qabıqdan çıxdılar. Ermənilər bu bəyanatı kapitulyasiya hesab etdikləri halda, bu ünsürlər bunun əksini dedilər. Digər tərəfdən, “Laçın şəhəri üzərində suverenliyi təmin etmək lazımdır, Zəngəzur dəhlizindən danışmaq yox” deyənlər Laçının nəzarətə götürülməsindən sonra ağızlarına su alıb susmaqla kifayətləndilər. Radikalların ən bağışlanmaz əməli isə torpaq uğrunda canlarını qurban vermiş şəhidlərimizdən öz məqsədləri üçün sui-istifadə etmələridir. Onların satqınlıq və xəyanət yolu tutmalarını xalqımız, şəhidlərimizin ruhu heç zaman bağışlamayacaq. Belə taleyüklü günlərdə xalqımız sarsılmaz birlik nümayiş etdirir. Bu qrup xəyanətkarın mövqeyi isə cəmiyyətimizdə qınaqla qarşılanır və radikalların mövqeyi sarsılmaz birliyimizə heç bir təsir göstərə bilməz”, -deyə YAP Təftiş Komissiyasının sədri vurğulayıb.