YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Alternativi olmayan siyasət

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Azərbaycan bir dövlət olaraq müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir dönəmdə xalqımızın ümummilli lideri Heydər Əliyev yenidən siyasi hakimiyyətə gəldi və dövlətimizi üzləşdiyi bəlalardan xilas edə bildi. Ulu Öndər daxili məsələlərin həlli ilə yanaşı, xarici əlaqələrin qurulmasını diqqət mərkəzində saxladı. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları və ayrı-ayrı dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı maraqlara hörmətlə yanaşılan prinsiplərə uyğun münasibətlər quruldu. Hər yerdə hər zaman Azərbaycanın dövlət maraqları hər şeydən üstün tutuldu və tam müstəqil siyasətin aparılması prioritet məsələ olaraq bütün təqib və təzyiqlərə rəğmən aparıldı.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən ilbəil möhkəmləndirilərək və genişləndirilərək davam etdirildi. Aparılmış uğurlu və qətiyyətli siyasət sayəsində güclü iqtisadiyyata və qüdrətli orduya sahib, Qafqazın lider dövləti statusunda, sözün həqiqi mənasında hər kəsin hesablaşdığı və qəbul etdiyi müasir, müstəqil Azərbaycan quruldu.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bütün sahələr daima diqqət mərkəzində saxlanılaraq hər tərəfli inkişafa nail olunub. Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadə edərək güclü ordu qurulub, irimiqyaslı yerli və beynəlxalq səviyyəli layihələr icra edilib, loqistik mərkəzlər yaradılıb, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutları tikilib istifadəyə verilib. Prezident Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı zamanı Azərbaycanın mövcud imkanları haqqında məlumat verərək bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib: “Hazırda Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artıra bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir.

Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.

Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir.  2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bu günkü 7-dən 9-a çatdırılacaq.

2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır”.

Prezident İlham Əliyevin çıxışından da görünür ki, infrastruktur layihələrinin və kommunikasiya sistemlərinin, nəqliyyat-logistika şəbəkəsinin genişləndirilməsi bu gündə davam etdirilir. Yeni layihələr isə dövlətimiz üçün əlavə gəlir mənbəyidir.