YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərimizin xatirəsi Berlində yad edilib

27 sentyabr - Anım Günü ilə bağlı Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlin şəhərində, əsası 1866-cı ildə qoyulmuş Şəhidlər Məscidində tədbir keçirilib. Şəhidlərimizin ruhuna dualar oxunub və ehsan verilib. Anım tədbirində ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə həsr olunmuş xatirə posteri yerləşdirilib.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidlərimizə həsr olunmuş videoçarxlar nümayiş etdirilib. Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda göstərdiyi fədakar mübarizədən, əsgər və zabitlərimizin qəhrəmanlaqlarından bəhs edib. Diplomat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müdrik rəhbərliyi nəticəsində silahlı qüvvələrimiz qısa müddətdə 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizi işğaldan azad edə bilib. N.Ağayev şəhidlərimizi daim böyük minnətdarlıq hissi ilə andığımızı və onların əziz xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildirib.

Sonra Türkiyənin Almaniyadakı səfirliyinin müşavir-elçisi Umut Topçuoğlu çıxış edib. O, Türkiyənin həm Vətən müharibəsi dövründə, həm də ondan sonrakı dövrdə daima Azərbaycanın yanında olduğunu vurğulayıb, habelə Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyib.

Anım tədbirində Türkiyənin Almaniyadakı səfirliyinin müşaviri Ayfer Fulya Yücekök və Türkiyənin Berlindəki baş konsulu Rıfkı Olgun Yücekök, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, eləcə də Almaniyada fəaliyyət göstərən Azərbaycan və türk diasporunun nümayəndələri iştirak ediblər.