YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımız Vətən uğrunda canından keçən igid övladlarını heç vaxt unutmayacaq!

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü

Həmin tarixi gündən bizi 2 il ayırır. Ermənistanın yeni ərazilərimizi ələ keçirmək istəyi ilə törətdiyi növbəti təxribatın qarşısını almaq üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində düşmənə layiqli cavab verdi. 27 sentyabrda başlayan əks-hücum daha sonra ümumxalq dəstəyi ilə Vətən müharibəsinə çevrildi. Azğınlaşmış düşmən dinc əhaliyə qarşı genişmiqyaslı hərbi təxribatlara rəvac verməsinə baxmayaraq, Azərbaycan Ordusu bütün növ qoşunların iştirakı, hərbi aviasiya, pilotsuz uçuş aparatları (PUA) və yeni texnologiyaların tətbiqi ilə yalnız legitim hərbi hədəflərə qarşı əməliyyat keçirərək ciddi uğurlar əldə etdi.

Müxtəlif ölkələrin vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmalarını dəfələrlə pozan düşmən təkcə itirdiyi əraziləri qaytarmağa cəhdlər etmir, həm də cəbhəyanı bölgələrdə əhali arasında təşviş yaratmaq üçün mülki obyektlərə də hücumlar təşkil edirdi. Müharibə qanunlarına zidd olan ən dəhşətli təzahürlər isə cəbhə bölgəsindən uzaq olan Gəncə, Mingəçevir şəhərlərinə, hətta Xızı rayonuna raket hücumlarının təşkili idi. Xüsusilə Gəncə şəhərində törədilən hərbi cinayətlər düşmənin iç üzünü bir daha bütün dünyaya göstərdi. Belə ki, gecə vaxtı yaşayış massivlərinə raketlə hücumlar təşkil olunması onlarla dinc sakinin həyatına son qoydu. Düşmən döyüş meydanında verdiyi itkilərin və məğlubiyyətin əvəzini bu şəkildə, özü də beynəlxalq hüquq normalarına zidd addımlarla çıxmaq cəhdləri iflasa məhkum idi.

Ona görə ki, düşmənin bütün terror və qətliam aktlarına baxmayaraq, Azərbaycan xalqı qalib gəlmək əzmini ortaya qoydu. Ölkədə əhalinin kütləvi şəkildə orduya dəstək verməsi ilə və gənclərimizin könüllü şəkildə hərbi xidmətə getməsi ilə müşayiət olunan tarixdə görünməmiş birlik və həmrəylik nümayiş etdirildi.

44 gün davam edən Vətən müharibəsi zamanı uzun illər işğal altında olan rayon mərkəzləri də daxil olmaqla, 300-dən  çox yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Tərtər və Xocavənd rayonlarının bir hissəsi azad edildi. Ən nəhayət, Azərbaycan xalqı üçün xüsusi önəmə sahib Şuşa şəhərinin qəhrəman oğullarımız tərəfindən azad edilməsi ilə Azərbaycan Ordusu qələbə çaldı.

Beləliklə, ölkəmizin beşdə birini 30 il işğal altında saxlayan Ermənistanın yeni ərazilərimizi ələ keçirmək niyyəti tamamilə puça çıxdı, üstəlik müharibə təcavüzkarın biabırçı şəkildə uduzması ilə nəticələndi. Azərbaycanın qarşısında ağır məğlubiyyətə düçar olan Ermənistan təslimiyyət sənədinə imza atmağa məcbur qaldı. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanat təcavüzkar Ermənistanın kapitulyasiyasının rəsmiləşdirilməsi baxımından önəmli sənəd idi. Belə ki, qısa müddətdə Ağdam, Kəlbəcər və Laçın rayonları da azad edildi.  Lakin iki il keçməsinə baxmayaraq, məğlub tərəf həmin Bəyanatın bəzi müddəalarını hələ də yerinə yetirməsə, hətta vaxtaşırı təxribatlara əl atsa belə, Ermənistan ordusuna elə bir dərs verilib ki, düşmənin revanşist addımlarla və işğal cəhdləri ilə uğur qazanması artıq mümkün deyil. Cari ilin sentyarbın 13-də başlayan təxribatın qarşısında Azərbaycan Silahlı Qüvvələrinin düşməni yerində oturtması bu reallığı bir daha isbatladı.

Bir daha vurğulamaq yerinə düşər ki, 27 sentyabr 2020-ci ildə başlayan müharibə düşmənin məlubiyyətinin başlanğıcı oldu. Məhz bu səbəbdən Azərbaycanın son 200 illik tarixində ən böyük qələbə qazandığı Vətən müharibəsinin başlanması tarixi - 27 sentyabr Prezident İlham Əliyev tərəfindən ölkəmizdə Anım Günü kimi rəsmiləşdirilib. Buna görə də ötən il olduğu kimi, bu il də həmin gün Vətən uğrunda qəhrəmanlıq göstərən və canından keçən, 30 il işğalda olan torpaqlarımızın azad edilməsində mühüm rol oynayan şəhidlərimizi dərin hüznlə anırıq. Heç bir şübhə yoxdur ki, peşəkar zabitlərimiz, xüsusi təyinatlı hərbçilərimiz, habelə həmin vaxt müddətli həqiqi hərbi xidmətdə olan, eyni zamanda könüllü olaraq Vətənin müdafiəsinə yollanan gənclərdən ibarət 3000-ə yaxın şəhidimiz Azərbaycan dövləti və xalqı tərəfindən həmişə sayğı ilə yad ediləcək. Xalqımız Vətən uğrunda canından keçən igid övladlarını heç vaxt unutmayacaq!