YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz qəhrəmanlarımıza göstərdikləri şücaətə görə minnətdarıq

Anastasiya Lavrina

YAP Gənclər Birliyinin üzvü

Bu gün Azərbaycanın qələbəsi və ölkənin ərazi bütövlüyünün bərpası ilə başa çatan Vətən müharibəsinin başlanmasından iki il ötür. Bu gün Azərbaycanda anım günü kimi qeyd edilir! İki il əvvəl müharibənin başlanması bütün Azərbaycan xalqını, ölkədə yaşayan bütün etnik qrupları vahid məqsəd ətrafında - ədalətə nail olmaq ətrafında birləşdirdi. Ruslar, yəhudilər, ləzgilər, tatarlar yekdilliklə: “Biz azərbaycanlıyıq və sona qədər çiyin-çiyinə vuruşacağıq” dedilər. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu cəsarətlə irəliləyir, günü-gündən yeni kənd və şəhərləri erməni işğalından azad edirdi. İgid hərbçilərimiz həqiqətin Azərbaycanın tərəfində olması inancı ilə düşmənin üzərinə yürüyürdülər. Qəhrəmanlarımız öz adlarını tarixə qızıl hərflərlə yazdılar və bu gün bütün xalq geri qayıtmayanların xatirəsini ehtiramla yad etmək üçün toplaşıb. Ölkədə hər kəs anım gününü qəhrəmanlarımızın məzarları önündə minnətdarlıq hissi ilə qeyd edir.

30 ilə yaxın qonşu dövlətin torpaqlarını işğal altında saxlayan işğalçı Ermənistan Azərbaycan xalqına qarşı bir sıra soyqırım aktları həyata keçirib. İnsanlar sırf azərbaycanlı olduqları üçün etnik zəmində öldürülüblər. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunları Azərbaycan torpaqlarından dərhal çıxarmağa çağıran 4 qətnaməsinə məhəl qoyulmayıb.

İşğalçı ölkə müsəlman və xristian mədəni irsinin bir çox abidələrini dağıdıb, əraziləri minalayıb, bəzi şəhərlər isə demək olar ki, yerlə-yeksan edilib.

Azərbaycan xalqı beynəlxalq ictimaiyyətin işğalçının əməllərinə qarşılıq verməkdən imtina etməsini gözləməkdən və görməkdən yorulmuşdu. Biz mülki vətəndaşlarımızın və hərbçilərimizin öz doğma torpaqlarında Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin əli ilə necə həlak olduğunu görməkdən bezmişdik. Sonda hər bir azərbaycanlıya xas olan vətənpərvərlik, vətənə  sevgi  hissi qalib gəldi və demək olar ki, dərhal döyüş meydanında erməni əsgərlərini bir-bir məğlubiyyətə uğramağa başladılar. Ermənistan rəhbərliyi Azərbaycanın döyüş meydanından uzaqda yerləşən şəhərlərində mülki əhaliyə raket zərbələri endirdi, nəticədə onlarla mülki şəxs yaralanıb və ya həlak oldu. Amma bu, azərbaycanlılara mane olmadı, çünki biz haqlı iş uğrunda vuruşurduq.

Nəhayət, torpaqlarımız azad edildi, işğalçı kapitulyasiya aktına imza atdı. Bu gün işğaldan azad edilmiş Qarabağda azan səsləri verilir, müsəlman və pravoslav ziyarətgahları yenidən tikilir və bərpa olunur, mədəniyyət abidələri dirçəldilir, keçmiş məcburi köçkünlərimiz fəxrlə öz doğma torpaqlarına qayıdırlar. Şəhidlərimizin qanı intiqamsız qalmadı, ədaləti bərpa edərək qalib gəldik. Bayrağımız Qarabağ üzərində əbədi dalğalanacaq!