YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan hər bir addımın qarşısı qətiyyətlə alınır və alınacaq

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri tarixi hadisə, çıxışlarında səsləndirdiyi hər bir fikir bugünümüz və gələcəyimiz üçün çağırış, Ermənistana və ona hələ də havadarlıq edən dövlətlərə ünvanlanan mesajlar ciddi xəbərdarlıq kimi dəyərləndirilir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 27 Sentyabr-Anım Günündə Füzuli rayonuna və Şuşa şəhərinə səfərləri, ölkə Prezidentinin Füzuli rayonunun Qaraxanbəyli kəndində xatirə lövhəsinin qarşısındakı çıxışı diqqətçəkəndir. “Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın” söyləyən Ali Baş Komandan tarixi Zəfərimizə gedən yoldan, şəhidlərimizin qanları, canları ilə  yazdığı tarixdən, Azərbaycanın artan gücündən geniş bəhs edərək bildirdi ki, hər kəs özünə müstəqilliyimizin, ərazi bütövlüyümüzün keşiyində əbədi duracağına söz verməlidir.

Azərbaycan tarixi Zəfərinin reallıqlarını yaşayır. İstər işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri, istərsə də yeni reallıqların dünyada qəbulu istiqamətində atılan addımlar və onların uğurlu nəticələri Azərbaycanın artan nüfuzunu, möhkəmlənən iqtisadi və siyasi mövqeyini təsdiqləyir. Ölkəmiz  bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. Ermənistan yenə də 10 noyabr 2020-ci il tarixli üçrərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsindən yayındığını nümayiş etdirir, sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün təxribatlara əl atır. Ermənistan silahlı qüvvələrinin  sentyabrın 12-dən 13-ə keçən gecə Azərbaycan-Ermənistan sərhəddində törətdiyi təxribat da bunun təsdiqidir. Azərbaycan Ordusu “Qətiyyətli cavab” əməliyyatı ilə  Ermənistana bir daha layiq olduğu yeri göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında hər zaman dünyanın ikili standartlara əsaslanan siyasətindən bəhs edərkən bu reallığı bəyan edir ki, Ermənistana zamanında sanksiyalar tətbiq olunsaydı İkinci Qarabağ müharibəsi yaşanmazdı.

Müharibənin baş verməsinin şərtləndirən amillər məlumdur. 30 il Ermənistan  vaxt qazanmaq, yeni ərazilər uğrunda müharibə planını hazırlamaq üçün danışıqları imitasiya naminə davam etdirdi. Əksər dünya gücləri Ermənistanın beynəlxalq hüquqa zidd əməllərini görür, amma susmaqla növbəti təxribatların törədilməsinə yol açdıqlarını bilirdilər. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin  müxtəlif istiqamətlərdən ərazilərimizi raket atəşinə tutmaları da bunun təsdiqi oldu.  Bu təxribatların qarşısını almaq üçün  dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “Hücum!” əmrini alan rəşadətli ordumuz 44 gündə  şanlı Zəfər tarixini yazdı.

Ordumuzun “Dəmir yumruq” əməliyyatı mənfur düşmənə ən ağır dərs olsa da  tarixi Zəfərimizdən ötən iki ilə yaxın dövrdə hadisələrin gedişinə diqqət yetirdikdə Ermənistanın tez-tez atəşkəsi pozduğunu, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində  Brüssel görüşlərinin keçirildiyi ərəfələrdə, yaxud  başa çatdıqdan sonra təxribatlara daha çox can atdığını görərik.  Avqustun 3-də törətdikləri təxribata Azərbaycan Ordusunun verdiyi “Qisas” dərsindən çox keçmədi ki, sentyabr ayında növbəti təxribatı törətdilər.

Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı atılan hər bir addımın qarşısı qətiyyətlə alınır və alınacaq. Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycan Ordusunun  artan gücünün, qüdrətinin şahididirlər. Artıq işğalçı dövlət seçim qarşısındadır. Ya münasibətlərin normallaşdırılması, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün təklif olunan sülh müqaviləsini  imzalayaraq ona verilən son şansdan bəhrələnməli, ya da "Dəmir yumruğ”un davamlı dərslərini almalıdır. “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları bunun bariz nümunəsidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizin ilk günündən bu bəyanatı səsləndirdi ki Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, “Dəmir yumruğ”un yerində olduğunu unutmasınlar.

30 il torpaqları işğal altında, bir milyondan çox soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan Qarabağ münaqişəsinin tarixə qovuşması fonunda münasibətlərdə yeni səhifə açmaq istəyini nümayiş etdirib qarşı tərəfə sülh təklifi edir, təcavüzkar dövlət hələ də  bu məsələdə tərəddüdlər içərisində vurnuxmaqdadır. Ermənistan dövlətimizin bu bəyanatını da unutmasın: Sülh təklifi uzun müddət masa üzərində qala bilməz.

Postmünaqişə dövrünün gündəliyinin müəllifi olan Azərbaycan üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirərək eyni addımları Ermənistandan da tələb edir. 

DİGƏR Xəbərlər Arxiv