YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Ümummilli Lider Heydər Əliyevin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifəsi yazıldı

Ümummilli lider Heydər Əliyev bütün bəşəri xüsusiyyətləri özündə cəmləşdirərək milli lider, qüdrətli dövlət xadimi idi. Dahi şəxsiyyətin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edərkən, xüsusilə 1990-cı illərin əvvəllərində Azərbaycanın parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda xilaskarlıq missiyasının həyata keçirilməsi vurğulanmalıdır. Məhz belə bir zamanda dahi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı düçar olduğu ağır durumdan xilas etdi. Böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik 1993-cü ilin 15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını qoydu. 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən silahlı dəstələrin yol verdikləri başıpozuq fəaliyyət, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanı bir dövlət kimi varlığına son qoyulması ilə üzləşdirmişdi. Ölkədə səriştəsiz idarəetmə nəticəsində bütün sahələri böhran bürümüşdü. Belə bir vaxtda 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən azad etdi. Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona arxa və dayaq olan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifəsi yazıldı. 1993-cü il oktyabrın 3-nə təyin edilmiş Prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyirdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Ulu Öndər andına hər zaman sadiq qaldı. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində də dönüş yarandı, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı. Ölkədə ordu quruculuğu, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi ilə yanaşı, işğal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadir güclü nizami ordunun təməli qoyuldu. Ulu Öndərin gərgin əməyi nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.

Ümummilli Liderin ölkə rəhbərliyinə tarixi qayıdışından sonra Azərbaycanda dövlət və cəmiyyət həyatının, sosial-siyasi vəziyyətin saflaşdırılması, sağlamlaşdırılması prosesi başladı. Həmin qarışıq dövrdə dahi şəxsiyyət Heydər Əliyevin yüksək idarəçilik məharəti, siyasi uzaqgörənlik və sarsılmaz qətiyyəti vətəndaş müharibəsinin qarşısını aldı. Xalq saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin ən ağır və həlledici dövrdə onu qurtuluş yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğuna bir daha şahidi oldu. Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer deyirdi: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində də dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başladı

Ulu Öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyi etibarlı əllərdədir. Dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini dövlət başçısı İlham Əliyev uğurla davam etdirir.

DİGƏR Xəbərlər Arxiv