YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad edilmiş torpaqlarımız sürətlə yenidən qurulur

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Ermənilər tərəfindən işğal edilməzdən əvvəl Ağdam respublikamızın ən gözəl, müasir şəhərlərindən biri idi. Ermənilər 30 il ərzində Ağdamı talayıb viran qoymuşdular. Evlərin, binaların daşlarını belə oğurlayıb satmışdılar. İşğal dövründə ermənilər dini abidələrimizi, məscidlərimizi təhqir edib donuz, inək saxlamışdılar.

Ermənilər Şuşa, Laçın və Kəlbəcərdə binaların və evlərin bəzilərini dağıtmamışdılar. Çünki Ermənistan rəhbərliyi bu evlərə xaricdə yaşayan erməniləri köçürmüşdü. İşğal olunmuş ərazilərə qeyri-qanuni məskunlaşdırma Cenevrə Konvensiyasına zidd olmaqla yanaşı, hərbi cinayət sayılır. Ermənistan dövlətinin daha bir hərbi cinayəti nəticəsində işğal dövründə ərazilərə basdırdıqları 1 milyondan çox minaların partlaması zamanı 250 nəfər azərbaycanlı həlak olmuş və ya ağır yaralanmışdır. Minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməklə Ermənistan dövləti bu gün də hərbi cinayətlərini davam etdirir. Minalanmış sahələrin aşkar edilib zərərləşdirilməsi çox vaxt apardığından dağıdılmış şəhərlərimizin yenidən qurulması işləri ləngiyir.

Prezident İlham Əliyev 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılışı mərasimində işğal dövründə ermənilərin törətdikləri vəhşiliklərdən, müharibədən sonra Azərbaycanla Ermənistan arasında mövcud vəziyyət barədə ətraflı çıxış etdi. Ermənilərin Qarabağ və Şərqi Zəngəzurda törətdikləri dağıntıları, vəhşilikləri adi sözlərlə ifadə etmək mümkün deyil. Müharibədən sonra buraya gələn diplomatlar, xarici jurnalistlər və qonaqlar ermənilərin törətdikləri barbarlıqdan dəhşətə gəlmişdilər. 30 ilə yaxın müddətdə Ermənistan dövlətinin siyasəti danışıqlar prosesini uzatmaq və nəticədə torpaqlarımızı işğal altında saxlamaq olmuşdur. Nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətinə göz yumdular. BMT TŞ-nın Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş ərazilərindən təcili və qeyri-şərtsiz çıxmaları haqqında 4 qətnaməsi 28 il kağız üzərində qaldı. Bununla bağlı Ermənistana heç bir təzyiq göstərmədi, sanksiyalar tətbiq edilmədi. Münaqişənin həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT in Minsk qrupunun həmsədrlərin ərazilərə səfərləri zamanı ermənilərin törətdikləri vəhşilikləri, qeyri-qanuni məskunlaşmanı öz gözləri ilə görmüş, lakin Ermənistanın bu hərəkətlərini qınayacaq bəyanat belə səsləndirməmişdilər.

Azərbaycan hərbi və siyasi yolla təkbaşına torpaqlarını işğaldan azad etdi. Ermənilərin ərazilərimizi tamamilə dağıtmalarına, insanlarımızın çəkdiyi əziyyət və zülmlərə baxmayaraq Azərbaycan sülh bağlanmasının tərəfdarıdır. Prezident  İlham Əliyev sülh sazışının imzalanması üçün beynəlxalq hüquqa əsaslanan 5 prinsip irəli sürüb. Əgər Ermənistan dövləti bu prinsipləri qəbul edib riayət edərsə, sülh müqaviləsi imzalayarsa, bölgədə əmin-amanlıq bərpa olunar. Ölkə başçımız İlham Əliyev çıxışında Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu və onların hüquqları digər azərbaycanlı vətəndaşların hüquqları kimi qorunacağını, bu məsələnin heç bir beynəlxalq təşkilatlarla və ölkələrlə müzakirə edilməyəcəyini vurğulamışdır.

Azərbaycan və Ermənistan arasında sülh prosesinin yaradılmasında müəyyən müsbət addımlar atılmaqdadır. Hər iki dövlətin xarici işlər nazirləri sülh sazişi layihəsinin hazırlanması üçün görüş keçiriblər. Sərhədlərin delimitasiyası üzrə Azərbaycan və Ermənistan dövlətləri tərəfindən yaradılmış müvafiq komissiyalar da fəaliyyətə başlayıb. Bu məsələdə Azərbaycan tarixi sənədlərə, xəritələrə, eləcə də beynəlxalq təcrübəyə istinad edəcək.

Işğaldan azad edilmiş torpaqlarımız sürətlə yenidən qurulur. Keçmiş məcburi köçkünlər tezliklə mərhələli şəkildə öz doğma ocaqlarına qayıdacaqlar. Qürurverici haldır ki, heç vaxt bu torpaqları görməyən, ata babaları bu torpaqların sakinləri olmuş vətəndaşlarımız da buraya köçüb yaşamaq arzusundadırlar. Artıq Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış başlayıb. Buraya köçən insanların rahat yaşamaları və işləmələri üçün hər cür şərait yaradılmışdır. İki il müddətinə Ağdam rayonunun bir neçə kəndinin sakinləri də öz evlərinə dönəcəklər. Qarabağ və Şərqi Zəngəzur öz sakinlərinə qucaq açacaq və bu ərazilərin dirçəldirilməsi Azərbaycan iqtisadiyyatını daha da gücləndirəcək.