YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Görüşlərdə ölkəmizin mövqeləri təmin olundu

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Avropa İttifaqı ilə ölkəmiz arasında bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq mövcuddur. Enerji sahəsində olan əməkdaşlığı ilk növbədə qeyd etmək olar. Bu sahədə cari ilin iyul ayında Anlaşma Memorandumu imzalanmışdır. Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var.

Ölkəmizlə Avropa İttifaqı arasındakı əməkdaşlığın önəmli istiqamətlərindən biri də siyasi dialoqdur. Hazırda  böyük əksəriyyəti artıq razılaşdırılmış yeni saziş üzərində iş aparılır. Son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında təmasların sayı kəskin artmaqla yanaşı mahiyyət  etibarı ilə də yeni müstəviyə keçib və qarşılıqlı etimad artıb.

Bütün bunlardan əlavə, nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradılıb. Ölkəmizin coğrafi vəziyyəti və müasir nəqliyyat infrastrukturu Avropa üçün çox önəmlidir. Burada həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri nəzərdə tutulur. Avropa İttifaqı ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Ölkəmizin geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Ötən il ölkəmizin qaz ixracatı əvvəlki ilə nisbətən 40 faiz artmışdır. Cari ildə isə artım təxminən daha 30-40 faiz olacaqdır. Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə ölkəmiz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırır. Bu isə o deməkdir ki, 2027-ci ildə ixrac olunan qazın həcmi  ən azı 18 milyard kubmetr olacaq. Hazırda yeni qaz yataqlarının istismara verilməsi, həmçinin mövcud qaz yataqlarında hasilatın artırılması istiqamətində işlər aparılır. Ölkəmiz neft və qazla bərabər Avropa qitəsinə elektrik enerjisi də ixrac edəcəkdir.

Oktyabrın 6-da  Praqada Avropa İttifaqı Şurasının Prezidenti ilə ölkə başçımızın görüşü də Azərbaycan-Avropa İttifaqı arasında münasibətlərin yüksək səviyyədə olmasının, əməkdaşlıqların yeni mərhələyə qədəm qoymasının göstəricisidir. Prezident İlham Əliyevin Praqaya səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makron tərəfindən Ermənistanın baş nazirinin də iştirak etdiyi dördtərəfli görüş təşkil edilmişdir. Bu görüşdən əvvəl Brüsseldə də bir neçə dəfə üçtərəfli görüşlər keçirilmişdir. Hər bir görüş sülhə doğru atılan addımdır və Praqada keçirilmiş görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Ümumiyyətlə, keçirilən görüşlərin bir məqsədi var ki, tezliklə iki ölkə arasında sülh müqaviləsi imzalansın. Praqada Azərbaycan televiziyalarına müsahibəsində də Prezident İlham Əliyev təmasların davam etdiyini və sülh prosesinə təkan verildiyini bildirdi. Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirilməsinə diqqət çəkən ölkə başçısı bu görüşlərin davam etdirilməsinin və işçi qrupunun sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olmalı  olduğunun vacibliyini qeyd etdi.

Təəssüf ki, Ermənistan sülhdən daha çox təxribatlarda maraqlıdır. Belə ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb ki, bu da Azərbaycana qarşı növbəti cinayət və terror aktıdır. Müharibədən sonra 250-dən çox azərbaycanlı ya həlak olub, ya da ki, ağır yaralanıb. Bu isə Azərbaycana qarşı erməni terroru davam etdirilməsi deməkdir. Minaların basdırılması yeganə cinayət deyil, həmçinin erməni silahlı birləşmələrinin bir qismi ərazilərimizdən çıxarılmayıb. Bütün bunlara son qoyulmalıdır. Ermənistanın bu addımları sülhə zərər gətirir.

Praqada Azərbaycan televiziyalarına müsahibəsində Prezident İlham Əliyev dünya birliyinin “Qarabağ Azərbaycandır!” həqiqətini bu gün həm dərk etdiyini, həm də etiraf etdiyini bildirərək Qarabağda yaşayan ermənilərin də Azərbaycan vətəndaşları olduqlarını və onların taleyini, gələcək həyatlarının hər hansı bir ölkə ilə müzakirə edilməyəcəyini bəyan etdi. Çünki bu Azərbaycanın daxili işidir. Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, Qarabağda yaşayan ermənilər də o hüquqlara malik olacaqlar. Ölkə başçısı qeyd etdi ki, onların Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışlarından qat-qat yaxşı olacaqdır. Odur ki, Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələrin davam etdirilməsi planlaşdırılır. Belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur.

Azərbaycan sülhdə və regionda təhlükəsizliyin mövcud olmasında maraqlı ölkədir. Baxmayaraq ki, Ermənistan tərəfindən bu istiqamətdə intensiv yanaşma yoxdur, lakin Azərbaycanın öz haqlı mövqeyində israrlı olması sülh prosesini yaxınlaşdırmaqdadır. Bu baxımdan Praqa görüşləri də çox böyükə əhəmiyyətə malikdir. Praqada keçirilmiş dördtərəfli görüşünün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanatın qəbul edilməsi isə Azərbaycanın növbəti diplomatik qələbəsidir. Qəbul edilmiş bəyanata əsasən Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və    1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini də tanımış oldu. 5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin qarşısı qətiyyətlə alındı.