YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağı və Zəngəzuru yenidən quracağıq

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

İki əsrdən artıqdır ki, davam edən erməni təcavüzünün qurbanı həm Azərbaycan xalqı, həm də tarixi-dini abidələrimizdir. Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi bizim minilliklər ərzində yaşadığımız torpaqlarda xalqımızın milli kimliyini və adət-ənənələrini özündə təcəssüm etdirən tarixi-dini abidələrimizi, o cümlədən maddi-mədəniyyət nümunələrini məhv etmək olmuşdur ki, bu da Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biridir. Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb. İşğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilmiş, onların bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilmişdir. İşğal altındakı İslam dini abidələri, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunmuşdur. Məscidlərdə heyvanların saxlanılması faktı Qərb ölkələrinin fotomüxbirləri tərəfindən də lentə alınmış və bütün dünya ictimaiyyəti bu kadrlarla tanış olmuşdur. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət daşıyır. Ermənistanın xalqımıza məxsus abidələri dağıtması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir.

Bir neçə gün öncə oktyabrın 5-də BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. Açılışda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, dünyanın 40-dan çox ölkəsinin 130-dan çox təcrübəli mütəxəssisləri, nümayəndələri iştirak etdilər. Ağdam Forumu dünya şəhərsalma təcrübəsinin mənimsənilməsi və tədbiq edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından çox uğurlu platformadır. Bu forumu əhəmiyyəti həm də onda idi ki, BMT-nin struktur rəhbərliyi tədbirdə işirak edirdi. Bu da dünya erməni lobbisinə vurulmuş ciddi diplomatik-siyasi zərbələrdən biri idi. Xüsusi qeyd etmək lazımdır ki, Milli Şəhərsalma Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət kəsb etdi. Forumu giriş sözü ilə açan Prezident İlham Əliyev bir çox vacib məsələlərə toxundu. Cənab Prezidentin dərin məzmunlu, qətiyyətli və beynəlxalq aləmə yerində və dəqiq ötürülmüş ismarıclarının şahidi olduq. Cənab Prezident öz çıxışında bildirdi ki, Erməni vandalizminin bariz nümunəsi 1993-cü il iyulun 23-dən erməni işğalında olan və xarabalığa çevrilmiş Ağdam şəhəridir. Ağdam şəhərinin 30 il ərzində hər bir daşı bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb. Yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin bunun da əsas səbəbi mənfur düşmənin məscidin minarəsindən Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə etməsidir. Ağdam rayonu işğaldan öncə özünün qida sənayesi, kənd təsərrüfatı ilə tanınırdı. Burada çoxlu sayda müəssisə və zavod, tədris müəssisələri, texnikumlar, tibb və musiqi peşə məktəbləri, Muğam məktəbi, Çörək muzeyi, şəkil qalereyası, tarix-diyarşünaslıq muzeyi, Qurban Pirimovun ev-muzeyi, dram teatrı, 200 filialdan ibarət rayon kitabxana şəbəkəsi fəaliyyət göstərirdi. SSRİ-də birinci və yeganə çörək muzeyi olan Ağdam Çörək muzeyinin fəaliyyətinə 1992-ci il avqustun 12-də ermənilərin atdığı mərmi nəticəsində son qoyulub, muzeyin 1 500-dən çox eksponatı məhv edilmişdir. Bundan başqa, Ağdamın məşhur çay evi və "Qarabağ" futbol klubunun oyunlarını keçirdiyi "İmarət" stadionu dağıdılmışdır. Sovet İttifaqının vaxtında Ağdam Qarabağda ən böyük, coşub-daşan şəhər idi. Əraziləri işğaldan azad etdikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, digər ad “ruhlar şəhəri” idi. Biri də “Qafqazın Xirosiması” idi. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur. Erməni vandalizmi nəticəsində dağıdılan tarixi abidələr sırasında eramızdan əvvəl 2-ci minilliyə aid Üzərliktəpə yaşayış məskəni, 16-cı əsrə aid məbəd, Kəngərli kəndində 14-cü əsrə aid sərdabə və daş abidələr, Xaçındərbənd kəndində 1314-cü ilə aid Qutlu Sarı Musaoğlu məqbərəsi, 18-19-cu əsrlərə aid Qarabağ xanlığının irsi hesab olunan Şahbulaq qalası, xan sülaləsinin sarayı və türbələri yer alır. Füzuli, Cəbrayıl, eynilə Qubadlı, Zəngilan da tamamilə dağıdılıb. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bu da onunla bağlıdır ki, Ermənistan müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü və həmin yerlərdən bu məqsədlə istifadə edilirdi. Hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların öz doğma yurd-yuvalarına qayıtması və onlar üçün daha yaxşı şəraitin yaradılması məqsədilə bütün lazimi işlər görülür və artıq Böyük Qayıdış proqramı başlayıb. Bu ilin mayında Zəngilanda ilk ağıllı kənd qurulub və məcburi köçkünlər artıq qayıdıblar. Sentyabrda Zəngilanda məktəb açıldı və balaca zəngilanlılar artıq bu məktəbdə təhsil alırlar. Həmçinin işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensial səfərbər edilib. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Səkkiz ay ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilib, bu ay Zəngilan Beynəlxalq Hava Limanının açılması planlaşdırılır. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Hazırda magistral yollar və kənd yolları tikilməkdədir. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Həmçinin tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanılacaq. Ağdam şəhərində min yerlik məktəb də ola bilsin bu il, ya da gələn il hazır olacaq. Xəstəxana və bir neçə yaşayış binası tikilir. Eyni işlər Füzulidə, Qubadlıda, Zəngilanda da görülür. İki ay bundan əvvəl qayıtdığımız Laçın şəhərinin də növbəti ilin sonuna kimi bərpa edilməsi planlaşdırılır. Beləliklə, biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. Hazırda işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir.