YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdış proqramı uğurla icra edilir

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Son zamanlar Azərbaycan bir çox mötəbər tədbirlərə, beynəlxalq səviyyəli yarışlara, turnirlərə ev sahibliyi edir. Dünya ölkələrinin, beynəlxalq ictimaiyyətin marağına səbəb olan bu kimi tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. Azərbaycanda təşkil olunan tədbirlərdə iştirak edən xarici dövlətlərin nümayəndələri, siyasətçilər, jurnalistlər, ekspertlər, ümumilikdə ölkəmizə gələn qonaqlar Azərbaycanı daha yaxından tanıyır, həqiqətlərə şahidlik edirlər.

Oktyabrın 5-də 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın iştirak etdiyi Azərbaycan Milli Şəhərsalma Forumunun Ağdamda keçirilməsi bu baxımdan olduqca əlamətdar hadisə idi. İşğaldan azad edilmiş Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə yanaşı, şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkanlar açacaq, şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı fikir mübadiləsi aparmaq üçün şərait yaradacaq.

Tədbirdə çıxış edən Azərbaycan Respiblikasının Prezidenti İlham Əliyev bir zamanlar həyat dolu olan Ağdam şəhərindən heç nə qalmadığını,  şəhərin məhz işğal altında olan müddət ərzində dağıdıldığını, 30 il ərzində Ermənistan tərəfindən bütün binaların viran qoyulduğunu, daşların bir-bir sökülərək oğurlanıb satıldığını diqqətə çatdırdı. Bir zamanlar Qarabağ regionunun ən böyük şəhəri olan Ağdamada yeganə tikilinin Cümə məscidi oluğunu qeyd edən Ölkə başçısı, həmin məscidin dağıdılmamasının səbəbini də açıqladı. “Cümə məscidinin keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Onlardan 2-si – biri burada, digəri Şuşada yarımçıq sökülüb və təhqir olunub.”

Bu gün artıq bütün dünya ictimaiyyəti də şahiddir ki, Ermənistan 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamaqla yaşayış məntəqələrimizi talan edib, viran qoyub. Maddi-mədəniyyət və dini abidələrin dağıdılması, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi vandalizm siyasəti yürüdüb. Əfsuslar olsun ki, aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi  bu vəhşiliyin qarşısının alınması üçün heç bir tədbir görülmədi. Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə göz yummağa, olanları görməməzlikdən gəlməyə qərar verdi. Azərbaycan yalnız öz gücünə ədaləti bərpa etdi və torpaqlarını işğaldan azad etdi.

Hazırda Azərbaycan işğaldan azad edilmiş əraziləri sürətlə bərpa edir. Həmin ərazilərdə İrimiqyaslı infrastruktur layihələr icra olunur, hava limanları, elektrik stansiyaları, sosial binalar, yaşayış evləri inşa edilir, dəmir yolları, avtomobil yolları, tunellər tikilir, körpülər salınır, yaşayış məntəqələrimiz yenidən bərpa edilir. Sevinc hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyevin müəllifliyi ilə Qarabağ və Zəngəzur yenidən qurulur,  Böyük Qayıdış proqramı uğurla icra edilir.