YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhə gedən yol

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Hazırda regionumuzda sabitliyin və təhlükəsizliyin təmin olunması, Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi Azərbaycanın sülh gündəliyinin mərkəzində dayanır. Postmüharibə dövründə başlanan sülh prosesi barədə bir neçə gün öncə Praqada keçirilən dördtərəfli görüşdə ətraflı müzakirələr aparılıb. Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul olunub.

İki ölkə arasında münaqişə səhifəsinin bağlanmasına maraq göstərən ölkələrin və beynəlxalq təşkilatların rəsmilərinin iştirakı ilə belə müzakirələrin aparılması, tərəflərin masa arxasında bir araya gəlməsi bütövlükdə sülh prosesinin irəliləməsi üçün mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Praqada yerli televiziyalarımıza verdiyi   müsahibədə bildirib ki, sülh prosesinə artıq təkan verildi: “Prinsipcə, hələ bir müddət bundan əvvəl mən demişəm ki, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik. Deməliyəm ki, bizim tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin - nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı yoxdur. Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir”.

Təbii ki, Azərbaycanın təşəbbüsü və səyləri ilə başlayan sülh prosesinin irəliyə getməsi beynəlxalq birliyin də marağındadır. Amma qalib Azərbaycanın postmüharibə mərhələsində sülh prosesinə sadiq qalmasına baxmayaraq, məğlub Ermənistan  prosesi uzatmağa çalışır. Ermənistanın baş naziri Nikol Paşinyan vasitəçilərin iştirakı ilə müxtəlif məkanlarda, o cümlədən də Brüsseldə baş tutan görüşlərdə Azərbaycanın təqdim etdiyi beş bəndlik sənədin müddəalarını qəbul etdiyini bildirib. Ancaq məğlub ölkənin lideri daxili auditoriya qarşısında tamam fərqli fikirlər səsləndirir. Ermənistanda üçtərəfli Bəyanatın, Brüssel və Soçi razılaşmalarının şərtlərinin pozulmasına yönəlik cəhdlər həm hakimiyyət dairələrindən, həm də müxalifət qüvvələrindən gəlir. Bu bəyanatlarda regionda kommunikasiyaların açılması ilə bağlı razılaşmalar əldə olunub. Azərbaycan üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Laçın dəhlizinə alternativ marşrutun yaradılmasını cəmi bir il yarıma tamamladı. Ermənistan isə bəhs olunan marşrutun onun ərazisindən keçən kiçik bir hissəsinin inşasına yalnız Azərbaycanın qəti xəbərdarlığından sonra start verdi. Üçtərəfli Bəyanatda Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşayan Naxçıvan arasında kommunikasiyaların bərpasına aid müddəa var. Sənəddə bu marşrutla maneəsiz keçid nəzərdə tutulub. Ancaq üçtərəfli Bəyanatın imzalanmasından sonra iki ilə yaxın vaxt ötsə də, Ermənistan Zəngəzur dəhlizi adını alan bu marşrutun yaradılması istiqamətində hər hansı bir addım atmayıb. Prezident İlham Əliyev Ermənistan tərəfindən öhdəliyin yerinə yetirilməməsini biabırçı fakt kimi səciyyələndirərək deyib: “Əlbəttə ki, kommunikasiyaların açılması - bu, mümkün sülh müqaviləsinin hissəsi deyil, bu, mahiyyətcə artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrut verin, təəssüflər olsun, yenə də cavab ala bilmədim. Bu, hətta gülməli də deyil, çünki orada o qədər də böyük sahə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun. Buna görə də bu suallar fikrimcə, ölkə rəhbərləri səviyyəsində noyabrda planlaşdırılan Brüssel görüşünün gündəliyində də, xarici işlər nazirlərinin tarixi hələ müəyyən edilməyən görüşündə də, bu ay Brüsseldə bizim təklifimizlə təşkil olunacaq delimitasiya üzrə görüşlərdə də üstünlük təşkil edəcək”.

Onu da qeyd edək ki, indiyədək sülh prosesinə maneələr yaradan əsas məsələlərdən biri də Ermənistanın və bu ölkənin havadarlarının Qarabağda yaşayan erməniləri bir növ manipulyasiya predmetinə çevirmələridir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı bir dövlətdir. Dünyada multikulturalizmi təşviq etmək, özünün timsalında çoxmədəniyyətliliyin gözəl nümunəsini yaratmaq ölkəmizi fərqləndirən əsas cəhətlərdən biridir. Respublikamızda milli-dini zəmində hər hansı bir diskriminasiya istisna olunur. Bütün xalqların hüquqları Konstitusiya ilə qorunur və şübhə yoxdur ki, gələcəkdə də qorunacaq. O cümlədən, Azərbaycan Qarabağda müəyyən sayda erməni əhalisinin yaşamasında hər hansı bir problem görmür. Onlar da Azərbaycan vətəndaşları kimi dövlətimizin qanunlarından bərabər hüquqda istifadə edə bilərlər!