YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağda irimiqyaslı infrastruktur layihələri icra olunur

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Ağdam şəhərində BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb. 44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkanları və şəhər ərazilərində böhranların aradan qaldırılmasını nəzərdən keçirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Forumda çıxış edən ölkə başçısı bildirmişdir ki, "Bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb". 

30 ilə yaxın işğal altında olan torpaqlarımızın erməni vandalları tərəfindən dağıdıldığına toxunan dövlət başçısı Ağdamın real mənzərəsini diqqətə çatdırıb: "Ağdam şəhəri işğal illəri ərzində dağıdılıb və burada olan daşlar oğurlanaraq satılıb. Ermənilər yalnız şəhərdəki Cümə məscidini tam dağıtmayıblar, çünki ondan müşahidə məntəqəsi kimi istifadə ediblər. Yalnız Şuşa, Laçın və Kəlbəcərin bir hissəsində dağıntılar törədilməyib. Bunun səbəbi Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq köçürmə siyasəti aparması və bu ərazilərə erməniləri qeyri-qanuni köçürməsi olub".

İşğalçılıq siyasəti yürütməklə Ermənistanın əsas hədəfi de-fakto vəziyyəti yerində dəyişmək və bununla Azərbaycanla danışıqlar prosesini sonsuz etmək idi. Məhz buna görə danışıqlar heç bir nəticə olmadan 28 il davam etdi.
44 günlük Vətən müharibəsindən sonra biz keçmiş məcburi köçkün və qaçqınları öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik. Bu gün artıq zəfər çalmış Azərbaycan Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması mərhələsini yaşayır.

Lakin genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə demək olar ki, iki il bundan əvvəl başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.

"İşğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensialımızı səfərbər edirik", - deyən Prezident irimiqyaslı infrastruktur layihələrin icra olunduğunu diqqətə çatdırıb: "Siz Füzuli Beynəlxalq Hava Limanını gördünüz, o, səkkiz ay ərzində tikilib. Bu ay biz Zəngilan Beynəlxalq Hava Limanını açmağı və 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanını istifadəyə verməyi planlaşdırırıq. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Dünən mən yeni dəmir yolunun təməl daşını qoydum. Hazırda magistral yollar və kənd yolları tikilməkdədir".

Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri buraya gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər.

Çıxışı zamanı Prezident İlham Əliyev qeyd etmişdir ki, “Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması. Əminəm ki, bu insanlar buna layiqdirlər. Onlar uzun illər boyu çətin şəraitdə yaşayıblar. Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni ev və mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə minnətdarlıqlarını bildirirdilər və hər dəfə qeyd edirdilər ki, bizi öz torpaqlarımıza qaytarın. Mən onlara hər dəfə söz verirdim ki, bunu reallaşdıracağam və mən fəxr edirəm ki, biz bunu reallaşdıra bildik və artıq Böyük Qayıdış proqramı başlayıb”.

Bu gün Qarabağda irimiqyaslı infrastruktur layihələri icra olunur. İşğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensialımızı səfərbər edirik. Bu ay Zəngilan Beynəlxalq Hava Limanını açılışı və 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. O cümlədən Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək.
Beləliklə, görülən işlər, aparılan uğurlu siyasət bunu deməyə əsas veriri ki, biz müzəffər Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi ilə Qarabağı və Zəngəzuru yenidən quracağıq.