YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər birimizin taleyində müəllimin hərarətli qəlbinin bir zərrəciyi var

Oktyabrın 11-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə  rayon ərazisində fəaliyyət göstərən  orta təhsil müəssisələrində  çalışan,  dövlət başçısı İlham Əliyevin  Sərəncamına uyğun olaraq  Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə  “Əməkdar müəllim” fəxri adına layiq görülən,  “Tərəqqi” medalı ilə təltif edilən bir qrup müəllimlə,  uzun müddət pedaqoji fəaliyyətlə məşğul olan,  hazırda   təqaüdə çıxmış məktəb direktorları, o cümlədən   3 oktyabr 2022-ci il tarixli  «2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında»  Sərəncamı ilə  2022/2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və  ali məktəblərə daxil olmuş  tələbələrlə görüş keçirildi.

YAP Xətai rayon təşkilatında keçirilən görüşdə əvvəlcə  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda  canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan  YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə  təhsilin millətin gələcəyi olduğunu önə çəkərək ölkəmizdə bu sahənin  inkişafı istiqamətində  atılan addımlardan bəhs etdi: «Müstəqil Azərbaycan dövlətinin  qurucusu, ümummilli lider Heydər  Əliyevin hakimiyyətinin  hər iki dövrünə nəzər salsaq təhsilin  prioritetliyini görərik. Hələ  hakimiyyətinin birinci dövründə  Ulu Öndər Azərbaycanın müstəqil gələcəyini düşünərək  kadr potensialının yetişdirilməsi məqsədilə  minlərlə Azərbaycan gəncini keçmiş İttifaqın ən nüfuzlu ali təhsil ocaqlarına  təhsil almağa göndərmişdi. Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  bu sahənin inkişafı dövlət siyasətinin əsas tərkib hissəsi kimi öndə oldu. Hər bir ölkənin dövrün çağırışlarını yüksək səviyyədə cavablandırması üçün təhsilin, elmin inkişafı əsasdır. Təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən Ümummilli Liderin  qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar bu gün ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.”

Vüqar Rəhimzadə vurğuladı ki,  ulu öndər Heydər Əliyevin dünənimizin, bugünümüzün və sabahımızın əsası kimi dəyərləndirilən  ideyaları son 19 ildə dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir:  “Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, Dövlət proqramları bu sahənin inkişafına böyük töhfələr verir. Azərbaycanın  Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində son illər ölkəmizdə müasir tələblərə cavab verən məktəb binaları tikilib istifadəyə verilib. Təhsil sahəsində informasiya–kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülüb. Bu gün “hər bir şagirdə bir kompüter” prinsipi orta təhsil müəssisələrinin fəaliyyətinin əsasında dayanır.”

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev Prezident İlham Əliyevin gənclərlə bağlı fikirlərinin əsasında dayanan bu çağırışı bir daha diqqətə çatdırdı: “Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər.  Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək.”

Rafiq İsayev bildirdi ki,  təhsilin bünövrəsi   məktəblərdən qoyulur: “Məktəblərin maddi-texniki bazasının möhkəmliyi, peşəkar müəllimlərin  fəaliyyəti bugünümüz üçün  yüksək ixtisaslı kadrların yetişdirilməsində  mühüm rol oynayır. Məktəbin, müəllimlərin ən əsas vəzifəsi  cəmiyyətimizin, xalqımızın, ölkəmizin gələcəyi üçün dəyərli vətəndaşlar hazırlamaqdır.  Ümummilli lider Heydər Əliyev  müəllim əməyini daim yüksək qiymətləndirərək bildirmişdir ki, mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizin taleyində müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq. 

Tədbirdə Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova, 269 saylı məktəbin təqaüddə olan keçmiş direktoru, “Şöhrət” ordenli Alla Vəzirova,  261 saylı  məktəbin  təqaüddə olan keçmiş direktoru  Abuzər Əsədov, 264 saylı məktəbin  hazırda  təqaüddə olan keçmiş direktoru  Sevda Qocayeva və başqaları çıxış edərək təhsilimizin dünənindən, bugünündən  və perspektivlərindən bəhs etdilər.  Müəllim əməyinə dövlətimiz tərəfindən verilən yüksək  dəyərin onların fəaliyyətində böyük məsuliyyət hissini yaratdığını qeyd edən natiqlər bu gün hər bir sahədə uğurla fəaliyyət göstərən kadrlarımızın yetişməsində, cəmiyyət üçün layiqli övlad kimi tərbiyə olunmasında müəllim əməyinin böyüklüyündən danışdılar.  Bildirdilər ki, müəllimlər yetirmələrini gördükdə bundan böyük qürur hissi keçirirlər.

Tədbirdə çıxış edən Prezident təqaüdçüləri onlara göstərilən yüksək etimada görə dövlət başçısı İlham Əliyevə təşəkkürlərini bildirərək Prezidentin məlum  Sərəncamını ölkəmizdə təhsilə, Azərbaycan gəncliyinin  sabahına diqqətin bariz nümunəsi kimi qeyd etdilər.

Sonda təhsil işçilərinə və Prezident təqaüdünə layiq görülən tələbələrə Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatı adından hədiyyələr təqdim edildi.