YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hərbi və diplomatik müstəvidə...

Azərbaycan güclü tərəfdir

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Prezident İlham Əliyev oktyabrın 6-da Çexiya Respublikasının paytaxtı Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşdü. Qeyd edək ki, bu görüş “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində baş tutdu. Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak edirdi.  İlk dəfə keçirilən “Avropa siyasi birliyi”nin Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu şəkildə və birlik ruhunda bir araya gətirir. “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çexiya Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə Praqaya səfər edən Prezident İlham Əliyev “Avropa siyasi birliyi”nin Zirvə toplantısında  "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda keçirilən dəyirmi masada çıxış edərək bir daha Ermənistanın 30 il ərzində işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizmi və hazırkı Azərbaycan reallıqlarını dünyaya bəyan etdi. Dövlətimizin başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini də həmçinin qeyd etdi. Söhbət zamanı gələn ay Brüsseldə keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşün gündəliyi müzakirə olundu. Prezident İlham Əliyevin bu görüşə qədər əldə etdiyi diplomatik uğurlarının nəticəsi olaraq bir sıra mühüm razılaşmalara gəlindi.

Ən əsası isə odur ki, yekunda qəbul edilmiş bəyanata əsasən Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıdığını dilə gətirmək məcburiyyətində qaldı. Qəbul edilmiş bəyanat da isbat etdi ki, danışıqlar tam olaraq rəsmi Bakının diktəsi fonunda keçib və sənəd Azərbaycanın istəklərinə uyğun formada qəbul olunub. Görüşün nəticəsində verilmiş Bəyanatda qeyd olunur: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir”. Azərbaycanın televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı bildirdi ki, indiyədək Brüsseldə keçirilən görüşlərdə tərəflər hər dəfə sülhə daha da yaxınlaşıb. Praqa görüşlərində isə sülh prosesinə artıq təkan verilib.

Faktiki olaraq bu, o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır. Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Artıq bütün dünya ictimaiyyəti aydın dərk edir ki, Qarabağ Azərbaycandır. Bəli, məhz Prezident İlham Əliyevin dəmir iradəsi və qətiyyəti reallığı dünya ictimaiyyətinə qəbul etdirdi. Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə güclü tərəfdir.