YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“Təhsil-gələcəyin inkişaf faktoru: VUCA dünyası və yeni təhsil paradiqması” mövzusunda tədbir keçirilib

Oktyabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin və partiyanın Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə “Təhsil-gələcəyin inkişaf faktoru: VUCA dünyası və yeni təhsil paradiqması” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev mövzunun aktuallığından bəhs edib.

Sonra çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə Azərbaycan təhsilinin inkişafından danışıb. Dövlətin bu sahəyə xüsusi diqqət göstərdiyini deyən Arif Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin siyasətində təhsilin inkişafı prioritetdir.

Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərindən bəhs edən YAP Veteranlar Şurasının sədri hələ sovetlər ittifaqı dövründə Heydər Əliyevin təşəbbüsü ilə minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrinə ali təhsil almağa göndərildiyini xatırladıb. Onun sözlərinə görə, Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin təsdiq etdiyi dövlət proqramları əsasında yüzlərlə gəncimiz dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilib. Təhsilini başa vurub ölkəmizə peşəkar mütəxəssislər kimi qayıdan həmin gənclər qazandıqları  biliklərlə müxtəlif sahələrin inkişafına mühüm töhfə verirlər.

Daha sonra YAP Veteranlar Şurasının üzvü, Əməkdar müəllim Asif Cahangirov “Təhsil-gələcəyin inkişaf faktoru: VUCA dünyası və yeni təhsil paradiqması” mövzusunda məruzə ilə çıxış edib. Asif Cahangirov slaydlar vasitəsilə Azərbaycan təhsilinin keçdiyi inkişaf yolu və müasir çağırışlar, təhsilin inkişafında dünya təcrübəsini təqdim edib. “VUCA dünyası” ifadəsinə gəlincə, məruzəçi qeyd edib ki, burada cəmiyyətdəki, o cümlədən təhsildəki dəyişikliklər, qeyri-stabillik, mürəkkəblik və qeyri-müəyyənlik nəzərdə tutulur.  Onun sözlərinə görə, qloballaşan dünyanın reallıqları təhsildə də yeniliklərin tətbiq olunmasını zəruri edir. Bu baxımdan, Azərbaycan təhsilində də innovativ inkişafa üstünlük verilir.

Tədbirdə mövzu ilə bağlı YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Bakı şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Hüseyn Əsgərov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əsgərov, YAP Veteranlar Şurasının üzvü, Əməkdar elm xadimi Şahlar Əsgərov, YAP Veteranlar Şurasının üzvü, professor Misir Mərdanov və Bakı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Mətanət Abdullayeva çıxış edərək müasir çağırışlar şəraitində Azərbaycan təhsilinin inkişafından bəhs ediblər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.