YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Qırğızıstan arasında yeni dövr

Elçin İsmayılov

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri

2022-ci ilin 11 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstan Respublikasına dövlət səfəri etmişdir. Olduqca səmərəli keçən səfər böyük tarixi və strateji əhəmiyyət daşıyır. Səfər zamanı keçirilən görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar həm iqtisadi-ticari baxımdan, həm də türk dünyasının birliyi baxımından çox əhəmiyyətlidir.

Səfər zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərar”ı, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandomu”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandomu”, “Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandomu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırğız Respublikasının Təbii Sərvətlər Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında qaşılıqlı anlaşma və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandom”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Sosial Fond arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2025-ci illər üzrə əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan – Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş” kimi önəmli sənədlər imzalanmışdır. Prezident İlham Əliyev Bişkekdə mətbuata verdiyi bəyanatda bildirir ki, iki ölkə arasındakı əməkdaşlıq nəzərdə tutulandan daha tez həyata keçir. O həmçinin bildirmişdir ki, Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyət daşıyır. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək. Yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyənnamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələrilə bağlı geniş məsələlər ətraflı müzakirə olunub. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmiryolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb.

Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Qırğızıstan- Azərbaycan Dostluq Parkının açılması münasibətlərimizin perspektivliyini təmin edəcək. Azərbaycanın mədəniyyət paytaxtı, Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq. Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasındakı çıxışında bu gün türk dünyasının yeni potensial əldə etdiyini, həm Azərbacanın, həm də Qırğızıstanın türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verdiyini, gələn ay keçiriləcək Zirvə Görüşünün bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacağını vurğulamışdır. O həmçinin bildirmişdir ki, biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq.

Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşlardır. Bəyənnamə uğurla həyata keçir və daha konkret məzmunla zənginləşəcək. Ölkələrimiz arasında qarşılıqlı maraqlara xidmət edən investisiyalar yeni imkanlar yaradır.Biz münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul edilməsinə, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və dinamizmə malik olaq. Artıq müəyyən olunmuş gündəliyə əsasən, Azərbaycanda Qırğızıstanın mədəniyyət günlərinin, Qırğızıstanda Azərbacan mədəniyyət günlərinin keçirilməsi tamaşaçılarımıza ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmağa, daha sıx təmaslar qurmağa imkan verəcək.

Bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. Xəzərin bizim tərəfində tam olaraq Avropa istehlakçılarına qədər - həm dəmiryolu, həm avtomobil yolu, həm hava yolu kimi geniş nəqliyyat infrastrukturu var. Həmçinin böyük potensiala malik Şimal-Cənub dəhlizi də Azərbaycandan keçir. Artıq həm Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin potensialını genişləndirmək üçün imkanlar var. Regionda infrastruktur layihələri hazır olan zaman biz nəqliyyat potensialımızı genişləndirməyə hazır olmalıyıq ki, investisiyalar daha səmərəli olsun.