YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Ağdaş rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 19-da Ağdaş rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb. Sonra tədbir iştirakçıları Ağdaş Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarlarının üzərinə və “Şəhidlər” Xatirə Kompleksinin önünə gül dəstələri düzüblər.

Tədbir öz işini Heydər Əliyev Mərkəzində davam etdirib. Əvvəlcə Heydər Əliyev muzeyi ilə tanışlıq olub. Sonra Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və keçdiyi şərəfli yoldan bəhs edən “30 il xalqın xidmətində” mövzusunda geniş məruzə ilə çıxış edib.

Tədbirdə partiya veteranı, rayon təşkilatının ilk sədri Qalib Həsənov və partiya fəalı, Ağdaş Mədəniyyət Mərkəzinin direktoru Turanə Şıxalıyeva çıxış edərək Yeni Azərbaycan Partiyasının uğurlarından bəhs ediblər.

Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın istəyi əsasında yaranmış siyasi təşkilatdır. Yeni Azərbaycan Partiyası xalqı və ölkəni çox ağır problemlərdən, məhv olmaq təhlükəsindən xilas edib. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmiz məhv olmaq təhlükəsindən qurtardı. Ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrilib. Müstəqil Azərbaycan tarixində özünəməxsus yer tutan Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində məhz ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov çıxışında ümummilli lider Heydər Əliyevin siyasi kursunu müasir dövrümüzün tələbləri əsasında davam etdirən partiyamızın Sədri, Prezident İlham Əliyevin Azərbaycana Zəfər bəxş etmiş Müzəffər Ali Baş Komandan olduğunu bildirib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası ötən 30 ildə uğurla inkişaf edib, Azərbaycana möhtəşəm nailiyyətlər qazandırıb.

Çıxış edən Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov Yeni Azərbaycan Partiyasının 30 il xalqın xidmətində olduğunu və ulu öndər Heydər Əliyevin amallarını özündə yaşatdığını diqqətə çatdırıb. O, partiyamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və qələbə yolunda əmin addımlarla irəlilədiyini söyləyib.

Sonda YAP Ağdaş rayon təşkilatının “Təhsil sektoru” ərazi partiya təşkilatı ilə birgə keçirdiyi “Qurtuluşdan Zəfərə gedən yol” mövzusunda inşa yazı və “Hər gün yeniləşən Azərbaycan” adlı rəsm müsabiqələrinin qalibləri rayon təşkilatının Fəxri Fərmanı və hədiyyəsi ilə mükafatlandırılıb. Rayonun ictimai-siyasi həyatında fərqlənən partiya fəallarının bir qrupuna YAP Ağdaş rayon təşkilatının fəxri fərmanları və partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.