YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Siyəzəndə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 21-də Siyəzən şəhər Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Siyəzən Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.

Sonra ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu idi. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın 30 il ərzində zəngin və şərəfli inkişaf yolu keçdiyini deyən S.Baxşiyevin sözlərinə görə,

Azərbaycan xalqı bu gün Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan dövlətini inkişaf etdirmək, yeni-yeni uğurlar qazanmaq istiqamətində partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verməkdədir. “Regionun güc mərkəzinə çevrilən Azərbaycan dövlətinin nailiyyətlərinin arxasında vətəndaş həmrəyliyi və uğurlu dövlət siyasəti dayanır. Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən ali məqsədini reallaşdırmış oldu”, - deyən S.Baxşiyev YAP Siyəzən rayon təşkilatının fəaliyyəti haqqında da ətraflı məlumat verib. Qeyd edib ki, hazırda ərazi təşkilatlarının sayı 42-yə, üzvlərinin sayı 3 min 763 nəfərə çatıb.

Çıxış edən Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov deyib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib və qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb. Onun sözlərinə görə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.

YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış edərək bildirib ki, partiyamızın fəaliyyətinin əsasında Heydər Əliyev ideyaları dayanır. YAP-ın Azərbaycan xalqının çətin sınaqlarla üz-üzə qaldığı bir dövrdə yarandığını xatırladan Sadiq Qurbanov qeyd edib ki, həmin dövrdə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükələrinin qarşısı alındı.

YAP Veteranlar Şurası sədrinin müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova da çıxışında Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən göründüyünü vurğulayıb. Onun sözlərinə görə, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atması Heydər Əliyev siyasəti nəticəsində mümkün olub.

Tədbirdə, həmçinin YAP Siyəzən rayon təşkilatının üzvü Səadət Əsədullayeva, rayon təşkilatının fəal gənci, Siyəzən rayon DAİM-in məsləhətçisi Seymur Müxtəsənov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan ətraflı bəhs ediblər.

Tədbirin sonunda Siyəzən rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.