YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə qardaşlığı yeni hədəflərə doğru

Samir Vəliyev

YAP Nərimanov rayon təşkilatının sədri

Cənubi Qafqaz regionunda sülh və əməkdaşlıq üçün yeni imkanların yaranması Azərbaycanın siyasi iradəsi və təşəbbüslərinin nəticəsidir. Qazanılan möhtəşəm Zəfər və postmüharibə mərhələsində işğaldan azad olunan ərazilərdə həyata keçirilən böyükmiqyaslı işlər Azərbaycanın gücünü ifadə edir. Təqdirəlayiq haldır ki, bu proseslərdə Azərbaycan və Türkiyə qardaş dövlətlər olaraq birgə addımlayırlar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanınının açılışında iştirak etməsi bu reallığı bir daha təsdiqləyir. 

Bundan əlavə, Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak ediblər. “Dost Aqropark” türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Eləcə də dövlət başçıları Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin, Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar.

Onu da xüsusi vurğulamaq lazımdır ki, oktyabrın 20-də Cəbrayıl şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata verdikləri birgə bəyanatda ciddi mesajlar veriblər. Dövlətimizin başçısı İlham Əliyev bəyan edib ki, bundan sonra bölgədə gedən işlər Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq. Həqiqətən də, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı tarixin çətin sınaqlarından keçərək möhkəmlənib. Ta qədimdən gələn qırılmaz bağlarla, möhkəm ənənələrlə, dil, din, mənəvi dəyərlər eyniliyi ilə bir-birinə sıx bağlı olan iki ölkə və xalq çətin və şad günlərdə həmişə bir yerdə olurlar. Ötən ilin iyun ayında imzalanan Şuşa Bəyannaməsi ilə iki dövlət arasında müttəfiqlik münasibətləri keyfiyyətcə yeni, daha yüksək səviyyəyə yüksəlib. Çox doğru olaraq bu sənəd qardaş ölkələr arasında münasibətlərin perspektivləri üçün yol xəritəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin Cəbrayıl şəhərində mətbuata bəyanatında söylədiyi kimi, Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Eyni zamanda, Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycanı rəsmən müttəfiq etdi. Biz bütün sahələrdə müttəfiq olduq. “İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir”, - deyə Prezident vurğulayıb.

Cəbrayıl şəhərində mətbuata birgə bəyanat zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da önəmli mesajlar verib. Türkiyə Prezidenti işğaldan azad edilmiş ərazilərimizdə görülən işləri çox yüksək dəyərləndirib. Türkiyə Prezidenti Zəngəzur dəhlizi ilə bağlı mesajlarını da ifadə edib: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək”. Qardaş ölkənin lideri Ermənistana da öz tövsiyələrini verərək vurğulayıb ki, açılan bu fürsət pəncərəsini yaxşı dəyərləndirmək lazımdır.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-Türkiyə qardaşlığı davamlı olaraq inkişaf edir. Hər iki ölkənin irəli sürdüyü təşəbbüslər bütövlükdə regionumuzun sülh və tərəqqisinin əsasında dayanır. Bu qardaşlıq qarşımızda dayanan yeni hədəflərə çatmaq üçün mayak rolunu oynayacaq!