YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni xalqı əsl həqiqəti və reallığı başa düşməlidir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi dövrlərdə xarici mətbuata müsahibələrinin hər biri bugünümüz üçün zəngin mənbədir. Dövlət başçısı həmin müsahibələrində Ermənistana və ona havadarlıq edən dövlətlərə sözün əsl mənasında tarix, hüquq və milli qürur dərsi keçdi. “Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən dövlət başçısı İlham Əliyev Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirmişdi.

44 günlük İkinci Qarabağ müharibəsi bunun təsdiqi oldu. Reallıq bu idi ki, beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyü dəstəklənsə də konkret zaman yetişəndə icra edilməyən kağız parçası olaraq qalırdı. Lakin səbir, iradə və qətiyyət artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynadı. 30 ilə yaxın dövrdə Azərbaycan səbir, sülh danışıqlarına sadiqlik nümayiş etdirməklə yanaşı, ən yüksək tribunalardan bəyan etdi ki, biz danışıqları imitasiya naminə aparmaq istəmirik. Sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb yoluna üstünlük verəcəyimiz şəksizdir. Azərbaycanın öz torpaqlarını istənilən yolla azad etməsi suveren hüququdur. 2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin növbəti təxribatları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu, Müzəffər Ali Baş Komandan “Əks hücum!” əmrini verdi. 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı Qələbə qazandı, yeni tarix yazdı.

8 Noyabr- Zəfər Günündə Şuşada təşkil olunan tədbirdə iştirak edən ölkə Prezidenti hərbçilər qarşısındakı çıxışında bir daha diqqəti bu reallıqları yönəldərək bildirdi ki, Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır. Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi.

Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistanı diz şökdürdü.  10 noyabr  2020-ci il tarixdə üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsi və Ermənistanın kapitulyasiyası təsdiqləndi. Onu da qeyd edək ki, Azərbaycan Ordusunun ilk gündən böyük qəhrəmanlıq, şücaət göstərərək bir neçə kəndi işğaldan azad etməsi erməni silahlı qüvvələrini təşvişə saldı. Hərbi texnikalarını, silah-sursatı qoyub qaçdılar. Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Hərbçilərimiz “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər.

Müzəffər Ali Baş Komandan bir daha bu çağırışı etdi ki, İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr, bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Erməni xalqı obyektiv həqiqəti anlamalıdır ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər.

DİGƏR Xəbərlər Arxiv