YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə Yeni Azərbaycan Partiyasının yubiley tədbirləri davam etdirilir

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatında partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev vurğulayıb ki, qazanılmış bütün nailiyyətlər Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Azərbaycanı Cənubi Qafqazın lideri etməklə yanaşı, beynəlxalq müstəvidə də nüfuzunu əhəmiyyətli dərəcədə artırıb, ölkəmizi sülh və sabitlik adasına çevirib: “Azərbaycanın inkişafında YAP-ın özünəməxsus rolu var. Prezident İlham Əliyevin rəhbərliyi ilə öz sıralarını daha da genişləndirən partiya gələcəkdə də bu istiqamətdə işlərini davam etdirəcək. Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın Sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu”, - deyə Malik Mirzəyev bildirib.

Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov qeyd edib ki Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə 1992-ci il oktyabrın 16-da xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, 91 nəfər ziyalısı ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.

Çıxış edən rayon ağsaqqalı Zakir Vəliyev də çıxışında Yeni Azərbaycan Partiyasının ötən 30 ildə uğurla inkişaf etdiyini, Azərbaycana möhtəşəm nailiyyətlər qazandırdığını deyib.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.