YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Donald Tusk: Azərbaycan üçün əhəmiyyətli olan məsələ budur ki, Avropa İttifaqı sərhədlərin zorakılıq yolu ilə dəyişdirilməsinin tanınmaması siyasətinə sadiq qalacaq

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun təşəbbüsü və “Şərq Tərəfdaşlığı” Proqramının iştirakçısı olan ölkələrin Riqa sammiti ərəfəsində mayın 19-da Brüsseldə Aİ prezidentinin məhdud sayda jurnalistlərlə görüşü olub. Görüşdə Azərbaycan, Gürcüstan, Ukrayna və Belarusun hər birindən bir jurnalıst və “Azadlıq” radiosundan bir jurnalist iştirak edib. Səmimi və demək olar, qeyri-rəsmi şəraitdə keçən görüşdə jurnalistlərin respondentə təmsil etdikləri ölkələrin cəmiyyətlərini daha çox narahat edən sualları vermək imkanı olub.

D.Tusk AZƏRTAC-ın xüsusi müxbirinin Avropa İttifaqının postsovet məkanındakı münaqişələrə münasibətdə ikili standartları və Brüsselin Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ regionun işğal etməsi səbəbindən Yerevana qarşı sanksiya tətbiq etmək istəməməsi barədə sualına cavabında deyib ki, ola bilsin, Avropa İttifaqının bütün bu münaqişələrdə vahid məqsədə çatmağa dair vasitə və metodları müxtəlifdir. Amma strateji məqsəd və standartlar eynidir: qəsbkarlığın və beynəlxalq sərhədlərin zorla dəyişdirilməsinin tanınmaması.

D.Tusk deyib: “İstər Dnestryanı bölgə, istər Krım, istər Şərqi Ukrayna, yaxud Cənubi Osetiya, Abxaziya və Qarabağ olsun, hər bir vəziyyətin öz spesifikası var. Bəli, onlar çox oxşayır, lakin tam eyniyyət təşkil etmir. Fikir vermisinizsə, Avropa ittifaqı bu böhranlardan hər birinə hər dəfə müxtəlif cür reaksiya verir, lakin bu zaman əsas məsələni – tanımama siyasəti deyilən ümumi münasibəti dəyişmır. Əgər xatırlayırsınızsa, Avropa İttifaqı Dnestryanı bölgə, Abxaziya və Cənubi Osetiyada baş verənlərdən sonra heç bir sanksiya tətbiq etməyib. Bu baxımdan, Dağlıq Qarabağ istinad etmək üçün hansısa xüsusi, yaxud yeganə hal deyil”.

Onun sözlərinə görə, Brüssel vahid məqsədə çatmaq üçün müxtəlif vasitələr seçməyə məcburdur. Dağlıq Qarabağa gəldikdə isə həm Ermənistan, həm də Azərbaycan Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramı üzrə tərəfdaşlarıdır. Bu da həmin münaqişəni başqalarından bir qədər fərqli edir. Aİ-nin prezidenti  deyib: “Azərbaycan üçün əhəmiyyətli olan məsələ budur ki, Avropa İttifaqı sərhədlərin zorakılıq yolu ilə dəyişdirilməsinin tanınmaması siyasətinə sadiq qalacaq”.

D.Tusk eyni zamanda vurğulayıb ki, Avropa İttifaqı hər iki tərəfi – Bakını və Yerevanı münaqişəni dialoq yolu ilə həll etməyə çağırır, çünki onun başqa çıxış yolu yoxdur.