YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Orta Dəhliz layihəsində mühüm rol oynayır

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda mühüm mesajlar verdi. Dövlətimizin başçısı Orta Dəhlizin perspektivləri, Vətən müharibəsindən sonra regionda yaran yeri reallıqlar, geosiyasi vəziyyət, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılması istiqamətində irəli sürülən təşəbbüslərlə bağlı xarici ekspertləri maraqlandıran suallara ətraflı cavab verdi.

Bu platforma beynəlxalq  ekspertlərə regiondakı enerji və nəqliyyatlarının önəmi, postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır. Beynəlxalq konfransda cənab Prezident bir daha Azərbaycan xalqının  sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiyini və ölkəmizin sülh tərəfdarı olduğunu bəyan edib.

Ümumiyətlə, beynəlxalq konfrans çox aktual mövzuya həsr olunmuşdu. Son vaxtlar qlobal miqyasda müşahidə edilən geosiyasi gərginliklər bütün dünyada  yeni çağırışlar yaradır. Bu çağırışlar böyük coğrafiyanı əhatə edən Avrasiya regionunda nəqliyyat-logistika sahəsi üçün isə xüsusi aktuallıq daşıyır ki, bu da təsadüfi deyildir. Mövcud gərginliklər fonunda yükləri hansı ölkələrin üzərindən aşırmalı? Hansı marşrutlar daha təhlükəsizdir? Bu kimi suallar və əlbəttə ki, iqtisadi səmərəlilik, sərf olunan vaxt, qiymətlər kimi məsələlər hazırda daşıma şirkətlərinin və yük sahiblərinin, necə deyərlər, əsas qayğılarına çevrilib. İndiki gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra marşrutlar üçün ciddi təhdidlər yaranıb. Hazırda müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarda təhlükəli vəziyyət hökm sürür və əslində, onların fəaliyyəti dayanıb. Belə bir şəraitdə Orta Dəhlizin cəlbediciliyi artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb. Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur.

Orta Dəhlizin bir sıra önəmli üstünlüklərini sadalamaq mümkündür. İlk növbədə, bütün marşrut boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur. Bu kimi amillər, həmçinin dəhlizin keçdiyi ölkələrdə təhlükəsizliyin təmin olunması Avropada və Asiyada ölkələrin və daşıma şirkətlərinin diqqətini Orta Dəhlizə yönəldir. Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir.  Respublikamız Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir.  Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.

Burada ən əsas amillərdən biri isə müasir infrastrukturla bağlıdır. Respublikamızın ərazisindən bir-birinə inteqrasiya edilmiş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Son illərdə həm bütün respublika üzrə, həm də bəhs olunan dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Hər iki dəhliz üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb. Hazırda respublikamızdan Rusiya, Gürcüstan, İran sərhədinə kimi magistral yollar uzanır. Eyni zamanda, bu yollar üzərində yüksəksəviyyəli logistika xidmətləri təşkil olunub. Bütün bu kimi amillərin nəticəsidir ki, son vaxtlarda Azərbaycan üzərindən daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb.

Respublikamızın ərazisindən Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq səviyyəli marşrutların keçməsi Orta Dəhlizdə Azərbaycanın önəmini artıran amillərdən biridir. Orta Dəhliz marşrutu ilə respublikamıza çatan yüklər buradan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinə inteqrasiya edilmiş yollarla daşına bilər. Bundan əlavə, Azərbaycanın Vətən müharibəsində işğaldan azad etdiyi Şərqi Zəngəzur regionunda dəhlizin inkişaf etdirilməsi perspektivi var. Bu marşrut Naxçıvandan Türkiyəyə və oradan daha geniş coğrafiyaya uzanacaq. Yeni nəqliyyat bağlantısı Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, eləcə də Orta Dəhlizə inteqrasiya ediləcək. Beləliklə,  Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta Dəhliz layihəsində önəmi daha da artacaq.