YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Orta dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz və qısa yoldur

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri 

Prezident  İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində dünyada böyük nüfuza sahib olan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə  44 günlük Vətən müharibəsindən sonrakı dövrdə işğalçıdan təmizlənən ərazilərimizin bərpası, yenidən qurulması, həmçinin mühüm nəqliyyat dəhlizlərinin coğrafiyasının genişlənməsi və inkişafı istiqamətində reallaşdırılan layihələr, qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılan, bütün bunlar barədə həqiqətləri beynəlxalq aləmə çatdıran konfranslar bunun bariz ifadəsidir. 

Azərbaycan beynəlxalq  tədbirlərə ev sahibliyi etməkdə dünya aləmdə böyük nüfuza malik dövlətə çevrilmişdir. Belə qlobal miqyaslı tədbirlər vasitəsilə dünya ictimaiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yerləşdiyi bölgənin sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində gerçəkləşdirilən mütərəqqi siyasətlə tanış olur, həyata keçirilən strategiyanı dəstəkləyir.

Noyabr ayının 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən konfrans da, şübhəsiz ki, bu baxımdan böyük əhəmiyyətə malikdir. Keçirilən tədbirdə Prezidentimiz mühüm məslələrə toxunmuşdur.

Dövlətimizin başçısı Orta Dəhliz kimi irimiqyaslı layihənin icrasını təhlükəsizlik, iqtisadi bacarıq və geosiyasət amillərinin şərtləndirdiyini, konfransın da məhz bu məqsədlə “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlandırıldığını vurğulayıb. Ölkə rəhbəri bildirib ki, “Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir... Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat – bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir”.

Orta Dəhliz yüklərin Çindən Avropaya və Yaxın Şərqə daşınması üçün təhlükəsiz marşrutlardan sayılır. Böyük İpək yolunun yenidən canlandırılmasına yönələn bu dəhlizin əhəmiyyəti getdikcə artır.  Hazırda Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi bazarlarına məhsulların tədarükündə problemlərin yaşanması adıçəkilən nəqliyyat marşrutuna marağı gücləndirir. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında mühüm körpü rolunu oynayan respublikamız üçün də böyük əhəmiyyət daşıyır.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu hesab edilən Orta Dəhliz Çindən Türkiyəyə, o cümlədən, Avropa ölkələrinə və əks istiqamətdə yük daşımaları həyata keçirir. Bu dəhliz vasitəsi ilə daşınacaq  yüklər orta hesabla 20-25 günə Çindən Avropaya çatdırılır. Bu da  zaman  baxımına görə dəhlizin əsas üstünlüklərindən biridir. Buna görə də hazırda Orta dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz və qısa yol hesab olunur. Bu nəqliyyat marşrutu həm də okeana çıxışı olmayan Azərbaycan, Türkmənistan, Özbəkistan və Əfqanıstan kimi ölkələr üçün qlobal bazarlara çıxış əldə etmək baxımından mühüm önəm daşıyır.