YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın ekoloji terror siyasətinə son qoyulmalıdır

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Məlumdur ki, Ermənistan 30 il işğal altında saxladığı ərazilərmizdə əsl vandalizm törədib. Bütün yaşayış məntəqələri, infrastruktur, tarixi, mədəni və dini abidələr dağıdılıb. Ermənilər Azərbaycanın ekologiyasına da ciddi ziyan vurub, təbii sərvətlərimizi talayıblar. Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında ermənilər təbii sərvətlərimizi qanunsuz olaraq mənimsəməkdə və ekologiyaya ciddi ziyan vurmaqda davam edirlər.

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamalı idi. Amma Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmadı. Belə ki, sülhməramlı kontingentin komandanlığı ilə Azərbaycan tərəfi arasında monitorinqə başlamaq barədə razılıq əldə olunsa da, Qarabağdakı qanunsuz erməni dəstələrinin təxribatı buna imkan vermədi. Nümayəndə heyəti Rusiya sülhməramlılarının müşayiəti ilə faydalı qazıntı yataqlarına, xüsusilə, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşdilər. Heyətin Rusiya sülhməramlılarının gözü qarşısında yataqların yerləşdiyi ərazilərə girişinə maneə törədilib, onlar əvvəlcədən bura gətirilmiş və özünü qondarma rejimin təmsilçisi kimi təqdim edən Ruben Vardanyanın başçılıq etdiyi yerli ermənilərdən ibarət aqressiv kütlə ilə qarşılaşıblar. Azərbaycanın rəsmi şəxslərdən ibarət heyəti Ruben Vardanyanla təmasa keçməkdən imtina edib və haqlı olaraq, Şuşa şəhərinə qayıdıblar.

Buna cavab olaraq isə bir neçə gündür ki, Azərbaycan QHT-lərinin, ekoloqlarının və ictimai fəalların Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə Şuşa -Xankəndi yolunda keçirdiyi etiraz aksiyası davam edir. Bu aksiya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz əlaməti olaraq həyata keçirilir.

Azərbaycanın vətəndaş cəmiyyətinin məsələyə reaksiyası Ermənistan tərəfindən manipulyasiya edilir. Onlar haqlı tələblərlə çıxış edən aksiya iştirakçılarının addımlarına siyasi don geyindirməyə və vəziyyəti fərqli yalanlarla yozmağa çalışırlar. Məsələn, aksiya iştirakçılarının Laçın yolunu bağlamasının guya bölgədə humanitar fəlakətə yol açacağını iddia edən Ermənistan bununla da dünya ictimaiyyətinin diqqətini məsələnin əsl məğzindən yayındırmağa cəhd edir. Halbuki Azərbaycan fəalların sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Keçirilən sülh aksiyası səbəbindən Qarabağ ermənilərinin yaşadığı ərazilərin qazla təchizatı dayandırılmayıb və həyati əhəmiyyətli yüklərin keçməsinə maneçilik törədilməyib. Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır . Bir sözlə, bu məsələdə də erməni məkri özünü biruzə verməkdədir. Nəzərə almaq lazımdır ki, 10 noyabr birgə bəyanatına əsasən, artıq iki ildən çoxdur ki, Azərbaycan ərazisini tərk etməli olan erməni silahlı birləşmələri təxribatlarından əl çəkmirlər. Ötən dövr ərzində artıq bir neçə dəfə genişmiqyaslı təxribatın qarşısı Azərbaycan Silahlı qüvvələri tərəfindən alınıb. Sonuncu belə cəhd bu ilin sentyabrında baş vermişdi ki, ermənilər bu təxribatın cavabını layiqli şəkildə aldılar. Digər tərəfdən, Laçın yolu ilə Ermənistan ərazisindən həmin silahlılara silah-sursat, texnikalar daşınır. Bu faktı Azərbaycanın təhlükəsizlik orqanlarının rəsmiləri də vurğulayıb.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Rəsmi İrəvanın qərəzli iddiaları isə tamamilə əsassızdır. Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddiaları böhtandır və həqiqəti əks etdirmir. Əslində isə bölgədə təhdidi Ermənistan yaradır. Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması məqsədilə istifadə edilməsinin qarşısının alınmalıdır. Eyni zamanda,kriminal iş adamı Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərinin talan etməsi və ətraf mühitə ciddi ziyan vurulması yolverilməzdir. Bu cinayətin qarşısı alınmaldır. Bəzi beynəlxalq dairələrin hadisələrə görə Azərbaycanı ittiham etmək cəhdləri də əsassızdır. Aksiya keçirən insanlar humanitar məqsədlə gedən maşınların hərəkətinə imkan yaradır. Əslində beynəlxalq birlik məsələnin mahiyyətinə diqqət yetirməli, Laçın yolundan qeyri-qanuni hərbi məqsədlər üçün istifadə edən Ermənistanı qınamalı, ermənilərin ekoloji terror, mina terroru siyasətinə “Dur” deməlidir.