YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Üçtərəfli Zirvə Görüşünün tarixi əhəmiyyəti

Samir Vəliyev

YAP Nərimanov rayon təşkilatının sədri

Bu gün qlobal miqyasda cərəyan edən geosiyasi reallıqlar fonunda geniş bir coğrafiyada Türk dövlətlərinin kənar vasitəçilər olmadan bir araya gəlmələri xüsusilə diqqət çəkir. Türk dövlətlərinin regional və qlobal əhəmiyyət daşıyan layihələri birlikdə reallaşdırmaları, iqtisadi, siyasi fəaliyyətlərini uzlaşdırmaları, beynəlxalq tədbirlərdə oxşar maraqlardan çıxış etmələri sevindirici haldır. Bütün bu kimi reallıqlar fonunda Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə üçtərəfli platformanın formalaşması da böyük Türk birliyinin daha da möhkəmlənməsinə öz töhfələrini verəcək. Bu baxımdan, dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistanın Dövlət Başçılarının Birinci Zirvə Görüşünün keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Azərbaycan, Türkiyə və Türkmənistanı üçtərəfli formatda bir araya gətirən çoxsaylı amillər sadalamaq mümkündür. Burada xalqlarımızın eyni kökdən boy ataraq şaxələnmələrini, oxşar mədəniyyətləri və mənəvi dəyərləri bölüşmələrini xüsusi qeyd edə bilərik. Müqəddəs İslam dini ölkələrimizi birləşdirən ən güclü dəyərlərdən biridir. Hər üç dövlətin siyasi iradəsi, yaxınlaşmaq istəyi də məhz bu kimi tarixi-mənəvi bağlılığa istinad edir. Deyə bilərik ki, bu gün üç ölkəni ortaq tarixi köklər və ortaq maraqlar birləşdirir. Hazırda Azərbaycan, Türkiyə və Türkmənistan arasında siyasi dialoq yüksək dinamizmi ilə səciyyələnir. Hər üç ölkənin liderləri tez-tez qarşılıqlı səfərlər edirlər, müxtəlif beynəlxalq tədbirlərdə bir araya gəlirlər və əməkdaşlığın yeni perspektivləri ilə bağlı müzakirələr aparırlar. Üç ölkənin prezidentlərinin - İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun üçtərəfli görüşünün Türkmənbaşı şəhərində keçirilməsi də bütün bunların tərkib hissəsidir.

Üçtərəfli Zirvə görüşündən də gözləntilər kifayət qədər böyükdür. Nəqliyyat məsələləri üçtərəfli dialoqun əsas istiqamətlərindən birini təşkil edir. İndiki geosiyasi reallıqlar fonunda Azərbaycanın, Türkiyənin və Türkmənistanın coğrafi yerləşmələri tranzit daşımaları üçün çox əlverişlidir. Quru və su sərhədlərinə malik olan hər üç ölkə öz səylərini birləşdirməklə və fəaliyyətlərini uzlaşdırmaqla Avropa ilə Asiya arasında nəhəng nəqliyyat habı formalaşdıra bilərlər. Bunun üçün Azərbaycandan keçən və optimal infrastrukturla Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinə inteqrasiya olunan Transxəzər marşrutu xüsusilə cəlbedicidir. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə daşımaları tez və ucuz həyata keçirtmək üçün yeni imkanlar yaranıb. Perspektivdə isə Zəngəzur dəhlizinin açılması gözlənilir. Azərbaycan və Türkiyə bu dəhlizin yaradılmasını güclü şəkildə təşviq edirlər. Türkmənistan da Transxəzər marşrutu ilə bu dəhlizə çıxış əldə edəcək.

Son illərdə enerji sektoru da üçtərəfli əməkdaşlığın mühüm seqmentinə çevrilib. Türkmənistan enerji resursları ilə zəngin olan bir məkandır. Ancaq geosiyasi gərginliklərlə əlaqədar bu ölkə enerji resurslarının ixracında müəyyən çətinliklərlə üzləşib. Müəyyən geosiyasi səbəblərdən Türkmənistan Azərbaycan və Türkiyədən keçməklə Avropaya qədər uzanan Bakı-Tbilisi Ceyhan kəməri ilə neft ixracını artırmağa çalışır. İndiyədək Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 32 milyon ton Türkmənistan neftinin dünya bazarlarına çıxarılması təmin edilib. Ölkənin ixrac potensialı isə bundan xeyli çoxdur. Eyni zamanda, Azərbaycan və Türkiyə Türkmənistandan daha böyük həcmlərdə neft qəbul edib onun tranzitini həyata keçirməyə hazırdırlar.

Enerji sektorunda əməkdaşlığın digər bir mühüm istiqaməti qaz ixracı ilə bağlıdır. Transxəzər boru kəmərinin çəkilməsi Türkmənistanın mavi yanacaq şəbəkəsini yenə də Azərbaycan və Türkiyədən keçib Avropanın mərkəzi hissəsinədək uzanan Cənub Qaz Dəhlizi ilə birləşdirəcək. Hazırda Azərbaycanla Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizinin TANAP və TAP seqmentlərinin genişləndirilməsi üzrə müzakirələr aparılır. Azərbaycan Transxəzər kəmərinin çəkilməsinə siyasi dəstək göstərir. Türkmənistan qazının Xəzər üzərindən Azərbaycan sahillərinə tankerlərlə çatdırılması da gündəlikdə duran məsələlər sırasında yer alır. Bütün bunlar 3 ölkənin güclənən əməkdaşlığı nəticəsində reallığa çevriləcək ki, bu da ölkələrin inkişafında mühüm amildir.