YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis olunub

Dekabrın 22-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təsis edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib və bununla bağlı Əsasnamə təsdiqlənib. Müəyyən edilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan səlahiyyətli nümayəndə rəhbərlik edir.

Səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirəcəklər.

Dövlətimizin başçısının bu Fərmanı ilə təsdiqlənən Əsasnamədə qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının struktur bölməsidir. Səlahiyyətli nümayəndəlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutur. Naxçıvan şəhərində yerləşən nümayəndəlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Səlahiyyətli nümayəndəliyin fəaliyyət istiqamətlərinə müvafiq ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək və onların fəaliyyətinə nəzarəti həyata keçirmək, Naxçıvanın davamlı sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanlarının digər dövlət orqanları ilə qarşılıqlı fəaliyyətini təmin etmək, müvafiq ərazidə ictimai, sosial və iqtisadi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə mütəmadi hesabatlar təqdim etmək və Azərbaycan Prezidentinin müəyyən etdiyi digər istiqamətlərdə fəaliyyət göstərmək daxildir.

Əsasnamədə, həmçinin səlahiyyətli nümayəndəliyin vəzifələri və hüquqları, həmçinin fəaliyyətini təşkili məsələləri də əksini tapıb.

DİGƏR Xəbərlər Arxiv