YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib, güclü, qüdrətli Azərbaycanla qürur duyuruq

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Artıq iki ildən artıqdır ki, tarixi Zəfərimizdən, yaratdığı reallıqlardan bəhs edirik. Hər bir uğurumuz keçilən yolun təhlilini bir zərurətə çevirir. Azərbaycan 30 il torpaqlarını işğaldan azad etmək üçün səylərini günbəgün artırdı. Ölkəmiz bütün sahələrdə uğurlu inkişafı ilə diqqətdə oldu. Azərbaycan gücləndi, möhkəmləndi, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun  daha da güclənməsi, beynəlxalq standartlara cavab verən şəkildə formalaşması üçün əhəmiyyətli addımlar atdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Qazanılan bu uğurlar, dövlət başçısı İlham Əliyevin qətiyyəti, gənclərimizin torpaq, Vətən sevgisi 44 gündə tarixi Zəfərimizə yol açdı.

Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq təkcə Qarabağın bərpası və inkişafını nəzərdə tutmur. Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişdi və region ölkələrinin inkişafı üçün yeni imkanlar açıldı. Münaqişənin həlli regionun təhlükəsizliyi və investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.

Yeni reallıqlar regionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatlarını gündəmə gətirir. Bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması, Ermənistanla Azərbaycan arasında münasibətlərdə yeni səhifənin açılması üçün ölkəmiz qarşı tərəfə sülh müqaviləsinin imzalanmasını təklif etdi. Məhz bu reallıqlar əsasında Azərbaycan yeni əməkdaşlıq formatlarının, sülh gündəliyinin müəllifi kimi mövqeyini möhkəmləndirir. Ölkəmiz hər zaman dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını edir.

Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verildi. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Bu mühüm hadisəni böyük qürur  hissi ilə qeyd edirik ki, Qarabağ və Şərqi Zəngəzur hava qapılarını dünyaya açıb. Ötən il Füzuli, bu il Zəngilan Beynəlxalq Hava limanları Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə istifadəyə verildi. Laçın Beynəlxalq Hava Limanı 2025-ci ildə istifadəyə veriləcək.

Azad olunmuş Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası elan edilmişdir. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialını 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.  İşğaldan azad olunmuş ərazilərdə icra olunan yeni layihələr müasir texnologiyaların və kreativ yanaşmaların sintezidir. “Ağıllı kənd” layihəsi artıq reallaşıb. Zəngilanın Ağalı kəndi bu layihə çərçivəsində bərpa olunaraq sakinlərini qarşıladı. Bərpa-quruculuq işlərinin miqyası ölkəmizin iqtisadi imkanlarının təqdimatında mühüm rol oynayır.

Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizin bərpasına, malik olduqları iqtisadi potensialdan səmərəli istifadəyə, həmçinin Böyük Qayıdışa xidmət edən Fərman və Sərəncamları davamlılığı ilə diqqət çəkir. Əsas hədəf bərpa-quruculuq işlərinin nəzərdə tutulan vaxtda, yüksək keyfiyyətdə başa çatdırılmasıdır.

Qalib Azərbaycanın 19 ildə qazandığı uğurları bir yazıda əhatə etmək qeyri-mümkündür. Reallıq budur ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın tarixi Zəfərindən sonra qarşısında geniş imkanlar yaranıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tariximizə torpaqlarımızın xilaskarı kimi yazaraq Ümummilli Liderin vəsiyyətini yerinə yetirdi. Qalib, güclü, qüdrətli Azərbaycanla qürur duyuruq.

DİGƏR Xəbərlər Arxiv