YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ölkəmiz ötən il idman sahəsində böyük nailiyyətlər əldə edib. Belə ki, idmançılarımız 2022-ci ildə keçirilmiş beynəlxalq yarışlarda ümumilikdə 800-dən çox medal qazanmışlar ki, onlardan 300-ə yaxını məhz qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğı nəticəsində Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Baxmayaraq ki, nəsillər dəyişir, ancaq ölkəmizin uğurları sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançıların təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar ölkəmizin idman şöhrətini bundan sonra da yüksəklərdə saxlayacaqlar. İdmançılarımızın 2022-ci ildə qazandıqları qələbələr, eyni zamanda ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.

Yanavarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən Prezident İlham Əliyev bildirdi ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Ölkə başçısı vurğuladı ki, bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr icra edilmiş və Azərbaycanın dinamik inkişafı təmin olunmuşdur. Qazanılmış uğurları təhlil edərkən Prezident İlham Əliyev dünya, Avropa çempionatlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etdiklərini diqqətə çatdırdı. Beynəlxalq yarışlar arasında V İslam Həmrəyliyi Oyunlarını xüsusilə qeyd edən ölkə başçısı 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın tarixi qələbə qazanaraq komanda hesabında birinci olduğunu, bu dəfə isə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımızın 99 medalla 4-cü yerə layiq görüldüklərini xatırlatı.

Ötən ilin idman yekunlarına həsr olunan mərasimdə öz çıxışı ilə Prezident İlham Əliyev ölkəmizdə idmanın gələcək inkişafı üçün mühüm vəzifələri də müəyyənələşdirdi.  Gənc idmançıların hazırlanmasının mütəşəkkil qaydada təmin edilməli olduğunu bildirən ölkə başçısı son vaxtlar bu sahədə daha məqsədyönlü işlərin aparıldığını, bölgələrdə keçirilmiş çoxsaylı tədbirlərin gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacağını vurğuladı. Son bir neçə il ərzində bütün ölkə üzrə müxtəlif yarışlar keçirilməsi idman uğurlarımızı şərtləndirməklə bərabər gənclərin, yeniyetmə və uşaqların erkən yaşlarından idmana cəlb edilməsini təmin edəcək ki, bu da yetişən yeni nəslin tərbiyəsi üçün çox böyük əhəmiyyətə malikdir. İdman həm fiziki güc, həm də özündə fiziki güc hiss edən hər bir insan mənəvi cəhətdən də sağlam olması deməkdir. Ölkə başçısı öz çıxışında bildirid ki, görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmlidir. Bir halda ki, idman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsini təşkil edir. Ölkəmizdə isə idman prioritet sahədir. Ölkəmizdə idmana dövlət dəstəyi, xüsusilə də Prezident cənab İlham Əliyevin diqqət və qayğısı yüksək səviyyədədir. İdmana və idmançılara  olan yüksək diqqət-qayğı, böyük hörmət nəticələrin də olmasını labüd edir. Bu gün ölkəmizdə idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılb və bu proses davam etdirilir. Son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb. Bu təcrübə bütün bölgələrə də şamil olunacaqdır.

2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən Prezident İlham Əliyev azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışının keçirildiyinə diqqət çəkdi. Azad edilmiş ərazilərdə beynəlxalq idman yarışının keçirilməsinin çox böyük tarixi əhəmiyyəti var. Çünki bu ərazilər artıq canlanır və insanlar qayıdışı ilə yeni həyat gəlir. Bütün şəhərlərin Baş planlarının təsdiq edildiyini bildirinən ölkə başçısı bərpa-quruculuq işlərinin Baş planlar əsasında aparılacağını və azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulduğunu qeyd etdi. Hazırda Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Bundan əlavə, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Bildiyimiz kimi işğal dövründə Qarabağ Atçılıq Kompleksi Ağcabədi rayonunda yaradılmışdı. Torpaqlarımız işğaldan azad olunduqdan sonra ölkə başçısı tərəfindən qərar qəbul olunmuşdur ki, Qarabağ Atçılıq Kompleksi əzəli yerində olmalıdır və məhz bu səbəbdən də Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılması üçün artıq işlərə start verilmişdir.

Ötən ilin idman yekunlarına həsr olunan mərasimdə Prezident İlham Əliyev Azərbaycanda dünya və Avropa çempionatlarının, eləcə də Olimpiya Oyunlarının təsnifat turnirlərinin keçiriləcəyini, həmçinin ölkəmizin Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsində olduğunu diqqətə çatdırdı. Ümumilikdə Azərbaycanın özünü dünyada güclü idman dövləti kimi təsdiqlədiyini və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyinin ildən-ilə möhkəmləndiyini vurğulayan Prezident İlham Əliyev 2023-cü ilin də bir çox parametrlər üzrə həlledici il olacağını bildirdi.