YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İdmana dövlət dəstəyi davamlıdır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Ölkənin hərtərəfli inkişafı kompleks tədbirlərin həyata keçirilməsi ilə sıx bağlıdır. Azərbaycan hər sahədə uğurlu təcrübəyə malik olduğunu dünyaya nümayiş etdirir.  Təbii ki, bu uğurlar dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış uğurlu siyasətinin nəticəsidir. Möhkəm təməl üzərində yeni-yeni hədəflərə doğru inamla irəliləyən Azərbaycan hər yeni təcrübənin tətbiqinə maraq göstərməklə beynəlxalq aləmdə innovasiyalar ölkəsi kimi nüfuz qazanır.

Hər zaman böyük inamla qeyd edirik ki, Azərbaycan bütün sahələrdə davamlı uğurları ilə dünyanın diqqətindədir. Ölkəmizin beynəlxalq aləmdə təqdimatında mühüm rol oynayan idmanın inkişafına göstərilən diqqət və qayğı, əldə olunan uğurlu nəticələr də bunun bariz nümunəsidir. O da məlumdur ki,  ölkəmizdə hər il dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə  konkret bir sahənin adı ilə bağlanır. 2012-ci ilin “İdman ili” elan edilməsi də bu sahənin inkişafına diqqət və qayğının bariz nümunəsi idi. Sənəddə bu fikir öz əksini tapmışdır ki,  Azərbaycanda idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Müstəqilliyimizin yenidən bərpasından bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakı və minlərlə medala layiq görülməsi bunun əyani sübutudur.

Hər ilin idman yekunları Azərbaycanın bu sahədə ildən-ilə böyük uğurlara imza atdığını, ölkəmizi beynəlxalq yarışlarda təmsil edən idmançılarımızın qazandığı medalların sayının artdığını təsdiqləyir  və bundan böyük qürur hissi keçiririk. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev yanvarın 9-da ötən ilin idman yekunlarına həsr olunan mərasimdə  idmançılarımızın uğurlarından geniş bəhs edərək bu məqamı da xüsusi qeyd etdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar.

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev ötən il qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın  dəvəti ilə Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edərkən tədbirdən öncə ənənəvi olaraq idmançılarımızla görüşündə onlara ilk dəfə olaraq qalib Azərbaycanı təmsil etdiklərini xatırladaraq uğurlu nəticələr əldə edəcəklərinə əminliyini ifadə etmişdi. Qalib ölkəni təmsil etməyin özü böyük məsuliyyətdir.

Cənab İlham Əliyev Oyunlarda  nəticə əldə etmiş idmançılarımızla görüşündə bir daha həmin anı xatırladaraq bildirmişdir ki,  sizinlə Oyunların açılış günündə Konyada görüş əsnasında əmin olduğumu bildirmişdim ki, siz ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz: “Şadam ki, belə də oldu. Bir daha nəinki bütün müsəlman aləmi, bütün dünya idmançılarımızın gücünü gördü. Hər dəfə Bayrağımız qaldırılanda, Himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir və hər qələbə bir daha bizim şöhrətimizi artırır. Mən sizinlə Konyada görüş zamanı demişdim ki, sizin üzərinizə əlavə məsuliyyət düşür. Çünki siz bu Oyunlarda qalib ölkəni təmsil edəcəksiniz. Bu, həm çox qürurverici amildir, eyni zamanda, böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk edərək siz ölkəmizi ləyaqətlə təmsil etmisiniz.”

Təbii ki, hər bir uğurlu nəticə yeni hədəflərə böyük stimuldur. Dövlət başçısı İlham Əliyev daim bu hədəfi açıqlayır ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Son 19 ilin  reallıqlarına nəzər salanda Azərbaycanın bütün sahələrdə təkmil təcrübəyə malik olduğunu böyük əminliklə qeyd edə bilərik. Bu gün artıq tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulur, bərpa edilir. Yaradılan imkanlar  Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın gələcəkdə bütün sahələrdə davamlı uğurlarında öz sözünü deyəcək. İdmanın kütləviliyini təmin etmək üçün bu torpaqlarımızda idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ötən il azad edilmiş ərazilərdə  bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. “Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Bildiyiniz kimi, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki,  bu il də bu işlər davam etdirilməlidir.

DİGƏR Xəbərlər Arxiv