YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan dünya miqyasında güclü idman dövləti kimi tanınır. Ölkəmizin  idman uğurları çox parlaqdır. İdman nəticələrimiz ildən-ilə artır.  Avropa ilə Asiya arasında körpü olan, sivilizasiyaların birləşdiyi məkanda yerləşən, mötəbər tədbirlərə ev sahibliyi edən Azərbaycanın idmanda qazandığı uğurlar ölkəmizin iqtisadi qüdrətinin, dünya birliyində möhkəmlənən mövqeyinin göstəricisidir. Dünyanın idman arenalarında keçirilən mötəbər yarışlarda üçrəngli bayrağımızı dəfələrlə yüksək pilləyə qaldıran, Azərbaycanın Dövlət himnini səsləndirən idmançılarımızın peşəkarlığı beynəlxalq səviyyədə etiraf olunur.

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bir daha bildirdi ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir.

İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar ki, onlardan 300-ə yaxını qızıl medaldır. Çünki dünyada idman sahəsində rəqabət artır. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etməliyik. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci oldu. Bu, tarixi qələbə idi. Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir.

İdmanın kütləviliyinin daim diqqət mərkəzində saxlanılması da əsas tələblər sırasındadır.  Hər bir gənc idmanla məşğul olmalıdır. Çünki idmanla məşğul olan hər bir insan öz həyatında, fiziki vəziyyətində, mənəvi-psixoloji durumunda bunun gözəl nəticələrini görür. İdmançılar həm fiziki, həm mənəvi cəhətdən sağlamdırlar, vətənpərvərdirlər. Dünya birliyində ölkəmizi tanıdan, Azərbaycan bayrağı altında çıxış edən idmançılarımız ölkəmizin təbliğatçılarıdırlar. Çətin mübarizə şəraitində keçən yarışlara məsuliyyətlə, vətənpərvərlik ruhu ilə hazırlaşan gənclərimizin məqsədi və hədəfi aydındır: Azərbaycana qələbə qazandırmaq, qalibiyyət rəmzi olan üçrəngli bayrağımızı yüksəklərə qaldırmaq.

Artıq iki ildir ki, idmançılarımız tarixi Zəfərimizin yaratdığı xoş ovqatda idman tədbirlərinə qatılırlar. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün qürur mənbəyidir. “Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi. Artıq iki ildən çoxdur ki, xalqımız müzəffər xalq kimi yaşayır və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq. 

Azərbaycan hər sahədə davamlı uğurları ilə dünyanın diqqətindədir.  Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.