YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizdə demokratik təsisatların dövrün tələblərinə uyğun inkişafı əsasdır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən Azərbaycan hər yeni təcrübənin tətbiqində, təkmilləşmədə maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir. Ölkəmizin demokratiya təcrübəsi daim nümunə göstərilir. Dövrün tələblərinə uyğun olaraq yeniləşmə, təkmilləşmə qəbul olunan Qanunlarda da özünün aydın ifadəsini tapır. Bu baxımdan bu gün əhəmiyyəti geniş təhlil edilən “Siyasi partiyalar haqqında” yeni Qanun yeni dövrün tələblərini əks etdirir.

“Siyasi partiyalar haqqında” ilk Qanun 1992-ci ilin iyununda qəbul edilib. Sənəd həmin dövrün reallıqlarına uyğundur. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın həmin dövrün iqtidarının yarıtmaz siyasəti nəticəsində hansı duruma düşdüyü məlumdur. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürürdü. “Siyasi partiyalar haqqında” ilk Qanunun qəbulu məhz belə ağır duruma təsadüf edir.

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni bir dövr başladı. Bütün sahələrdə davamlı inkişaf mövcud Qanunlara da zaman-zaman əlavə və dəyişikliklərin edilməsini bir zərurətə çevirdi. “Siyasi partiyalar haqqında” Qanun da bu əlavələr və dəyişikliklərlə diqqətdə oldu.

Son 19 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin demokratik islahatlar sahəsində atdığı addımlar davamlılığı ilə diqqətdədir. İqtisadi və siyasi islahatların paralelliyi ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirdi. Bu gün Azərbaycan ən islahatçı 10 ölkə arasında qərarlaşıb. Bu, uğurlu sosial-iqtisadi, siyasi islahatların nəticəsidir.  Prezident İlham Əliyevin rəhbərliyi ilə iki il əvvəl qazandığımız tarixi Zəfər ölkəmizdə bütün sahələrdə yeni çağırışlara yol açdı. Şanlı Zəfərimizin yeni reallıqları fonunda bütün sahələrdə təkmilləşmə özünü qabarıq şəkildə büruzə verir. Məhz ölkəmizdə siyasi partiyaların fəaliyyətini tənzimləyən yeni Qanunun da qəbul edilməsi bir zərurətə çevrildi.

“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl Qanun layihəsi Mili Məclisin saytında  rəy və təkliflərin bildirilməsi üçün yerləşdirildi. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Qanun layihəsində əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirildi. Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirildi. Qanun layihəsində dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edildi. Ümumilikdə  110 düzəliş olundu.  Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb.

Qanun layihəsi hazırlanarkən 20-dən artıq ölkənin təcrübəsi öyrənildi. Bundan əlavə, Qanun layihəsi həm Azərbaycan Konstitusiyasına, həm də Avropa İnsan Hüquqları Konvensiyasına uyğun şəkildə hazırlandı. Yeni Qanun 6 fəsildə 30 maddəni özündə ehtiva etməklə siyasi partiyaların gələcək fəaliyyəti üçün geniş imkanlar yaradır. Atılan bu kimi addımlar göstərir ki, Azərbaycan demokratik dəyərlərə sadiqdir, bu prinsipləri dünəninin, bu gününün və gələcəyinin əsası kimi dəyərləndirir. Ölkəmizdə demokratik təsisatların dövrün tələblərinə uyğun inkişafı əsasdır.