YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin BƏƏ səfəri ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək

“Azərbaycan dövləti uğurlu xarici siyasət həyata keçirir. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dünya ölkələri ilə fəal əməkdaşlıq münasibətləri qurub. Bu baxımdan, ərəb ölkələri ilə əlaqələrin inkişafı da xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ikitərəfli əlaqələrin inkişafına böyük töhfələr verəcək”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, səfər çərçivəsində Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub. Görüş  zamanı Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirdikləri bildirilib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə uyğun olaraq, iki ölkənin müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edilib. Məlumdur ki, ötən ilin dekabrında BMT Təhlükəsizlik Şurasında Ermənistan və Fransa Azərbaycana qarşı sənəd qəbul olunmasına çalışmışdı. Amma təşkilata qeyri-daimi üzv olan  Birləşmiş Ərəb Əmirlikləri də belə bir cəhdin qarşısının alınmasında fəal iştirak etdi. Bu, əsl dost ölkənin dəstəyi idi. Prezident İlham Əliyev də görüşdə bu məsələyə toxunaraq Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu bəyan edib.

Deputatın sözlərinə görə, Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. Azərbaycan, həmçinin dünyada güclənən islamofobiya meyillərinə qəti şəkildə qarşı çıxır. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan “Bakı Prosesi” müsəlman ölkələri ilə Avropa dövlətlərini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Bu Proses çərçivəsində Azərbaycan tərəfindən iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bu isə müxtəlif dinlərin nümayəndələrini bir araya gətirən önəmli beynəlxalq platforma kimi tanınıb. Ərəb ölkələri daim Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir.

Sevinc Fətəliyeva qeyd edib ki, Prezident İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət olunması xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan Respublikası 2015-ci ildə BMT-nin Dayanıqlı İnkişaf Sammitində təşkilatın “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ni təsdiqləyib və bununla Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə qlobal səylərə qoşulub. Əbu-Dabi Davamlılıq Həftəsi dövlət və özəl tərəfdaşları ilə birlikdə dövlət başçılarını, siyasət xadimlərini, biznes liderlərini və texnologiya sahəsində qabaqcıl şirkətləri toplayan bir sıra tədbirlərə ev sahibliyi edir. Həftə çərçivəsində əsasən Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (İRENA) Assambleyası, Atlantik Şurasının Qlobal Enerji Forumu, “Zayed Dayanıqlılıq Mükafatı” mərasimi, Dayanıqlılıq naminə Gənclər Mərkəzi və digər tədbirlər təşkil olunur. Prezident İlham Əliyev bu tədbirin açılış mərasimində çıxış edərək Azərbaycanın enerji siyasəti, xüsusilə yeni mərhələdə yaşıl, alternativ  enerji siyasəti barədə ətraflı məlumat verib. Eləcə də, enerji sahəsində ərəb dövlətləri ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir və bu platformalar çərçivəsində öz maraqlarını ifadə edir, inkişafını dünyaya təqdim edir. Prezident İlham Əliyevin  Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət olunması isə bir daha dövlətimizin başçısının və respublikamızın dünyada artan nüfuzundan xəbər verir.