YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dövr yeni qanunun qəbulunu tələb etdi

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların yaradılmasını qarşıya prioritet vəzifə kimi qoydu. Həmçinin, dövlətin möhkəmləndirilməsini özündə ehtiva edən əsas tələbi önə çəkdi ki, nə qədər siyasi partiya olursa-olsun bir məqsədə-Azərbaycan dövlətinin, dövlətçiliyinin möhkəmləndirilməsinə xidmət etməlidir.

  Ölkəmizdə mövcud bütün siyasi partiyaların fəaliyyəti “Siyasi partiyalar haqqında” Qanun ilə tənzimlənir. Bu sənəd qəbul edildiyi dövrün reallıqlarını əks etdirirdi. İllər keçdikcə sürətli inkişaf yolunda inamla irəliləyən Azərbaycan həyata keçirdiyi islahatlar fonunda bu Qanuna da xeyli sayda əlavə və dəyişikliklər etdi. Təbii ki, bu əlavə və dəyişikliklər dəyişməz qəbul edilməyərək daim dövrün tələblərinə uyğun olaraq yeniləri ilə əvəzləndi.

   Azərbaycan 30 ildən sonra tarixi Zəfərinə qovuşdu. Ölkəmizin həyatında yeni dövr başladı. Bu dövr öz növbəsində mövcud Qanunlara yenidən baxlmasına, yaxud yenilərinin qəbul edilməsinə bir çağırış etdi. “Siyasi partiyalar haqqında” qanunun 6 fəslini əhatə edən 30 maddə ümumi müzakirələr, həmçinin əlavələr əsasında təsdiqləndi. Hazırda Qanunun perspektivləri, siyasi partiyaların qarşısında hansı yolu açdığı geniş müzakirə olunmaqdadır. Siyasi partiyaların normal fəaliyyətini həyata keçirilən siyasətin əsasında saxlayan dövlətimiz mütəmadi olaraq onların fəaliyyətini tənzimləyən Qanunun təkmilləşdirilməsinə,  yaxud yenisinin qəbul olunmasına səy göstərirdi. Tarixi Zəfərimiz bu prosesi daha da sürətləndirdi. Qanun layihəsi hazırlanan zaman dünyanın bir sıra qabaqcıl ölkələrinin, təqribən 20 ölkənin təcrübəsi öyrənildi, həmçinin Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alındı. Şəffaf müzakirələr aparıldı. Qanun layihəsi Milli Məclisin saytında yerləşdirilərək, geniş ictimaiyyətin müzakirəsinə təqdim olundu. Hər bir təklif və fikir işçi qrupu tərəfindən nəzərdən keçirildi. Milli Məclisin siyasi partiyalara müraciətindən sonra 47 siyasi partiyadan 250-dən çox təklif daxil oldu. Ölkəmizdə çoxpartiyalı sistemin formalaşması, həmçinin bütün siyasi partiyalara fəaliyyətləri üçün bərabər şəraitin yaradılması dövlət siyasətinin əsasını təşkil edir. Ölkəmizdə keçirilən seçki proseslərində də bütün siyasi partiyalara eyni şərait yaradılır. Hər bir partiya yaradılan demokratik şəraitdən bəhrələnərək özünün qələbəsini təmin etmək imkanlarına malikdir. Siyasi partiyaların fəaliyyətini tənzimləyən hüquqi bazanın olması mühüm şərtlərdən biridir. Bu mənada, “Siyasi partiyalar haqqında” yeni Qanun Azərbaycanda mövcud siyasi konfiqurasiyanın tələblərinə cavab verən sənəd olacaq. “Siyasi partiyalar haqqında” yeni Qanunda diqqət çəkən məqamlara nəzər salaq.  Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməlidir, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Bu kimi müsbət məqamları özündə ehtiva edən maddələri xeyli sayda sadalaya bilərik. 30 maddə özlüyündə 30 çağırış, yerinə yetirilməsi tələb edilən elə o sayda vəzifə deməkdir. Siyasi partiyalar qarşılarında dayanan vəzifələri uğurla icra etməklə ölkəmizin dayanıqlı inkişafının təmin edilməsinə öz dəstəklərini göstərə bilərlər.