YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar faciəsinin 33-cü ildönümü münasibətilə rəsm müsabiqəsi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı, Tərtər Rayon İcra Hakimiyyəti və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Tərtər rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev və Tərtər rayon Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev iştirak ediblər.

Təhsil sektorunun inzibati binasının qarşısında nümayiş etdirilən rəsm əsərlərində məktəblilər tərəfindən 20 Yanvar faciəsinin acı nəticələri, xalqımızın mübarizliyi təsvir edilib.

Tədbirdə çıxış edənlər 20 Yanvar şəhidlərinin cəsarətli şücaətindən geniş söhbət açıb. Bildiriblər ki, xalqımızın mərd oğulları əliyalın, silahsız sovet ordusuna qarşı çıxaraq müstəqilliyimiz uğrunda mübarizənin başlanğıcını qoyub. 20 Yanvar faciəsi nəticəsində 130-dan çox insanın amansızcasına qətlə yetirildiyi, 744 nəfərin yaralandığı, 841 nəfərin qanunsuz həbs olunduğu bildirilib. Bu kimi tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən və bu istiqamətdə gənclərin üzərinə düşən məsuliyyətdən danışılıb.

Rəsm müsabiqəsinin nəticəsinə əsasən Tərtər şəhər Şikar Şikarov adına 5 saylı tam orta məktəbin XI sinif şagirdi Qasımlı Aysu Azər qızı, Tərtər rayon Azər Məmmədova adına Dəmirçilər kənd tam orta məktəbin XI sinif şagirdi Haqverdıyev Nurlan Saleh oğlu və Tərtər şəhər İsmayıl Məmmədov adına 2 saylı məktəb-liseyin V sinif şagird Sultanova Leyla Taleh qızı YAP Tərtər rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif edilib.