YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı dəyirmi masa təşkil olunub

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatı və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda rayon gənclərinin iştirakı ilə dəyirmi masa təşkil olunub.

Tədbir müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov faciə ilə bağlı geniş məlumat verib. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə məhz Ulu Öndər Heydər Əliyev sayəsində ilk siyasi-hüquqi qiymət verildiyini, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldiyini, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini, ifşaedici və cəsarətli bir bəyanat verdiyini bildirib.

Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, şəhid atası Aqil Haqverdiyev, partiya fəalı, rayon icra hakimiyyətinin əməkdaşı Nərminə Süleymanova və başqaları 20 Yanvar faciəsinin tariximizə qanlı və şanlı bir səhifə kimi yazıldığını, bu tarixin yeni müstəqillik tariximizin başlanğıc nöqtəsi olduğunu, xalqımızın iradəsi, dözümü, birliyi nəticəsində müstəqillik əldə edildiyini bildiriblər.

Xaricdə təhsil almış Ziya Əkbərli, Asim Rüstəm, Emil Cəfərov 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə xaricdə yaşayan həmyerlilərimiz tərəfindən həyata keçirilən tədbirlərdən, Azərbaycan diasporunun təşkilatlanması, birliyi və aktivləşdirilməsi istiqamətində ciddi işlər görülməsindən bəhs ediblər. Bildirilib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyini xilas etməklə yanaşı, xalqımızın vahid ideologiya ətrafında birləşdirilməsinin əsasını qoydu. Ulu Öndərin irəli sürdüyü milli ideya Azərbaycanın bütün vətəndaşlarını, dünya azərbaycanlılarını və Azərbaycana bağlı bütün insanları bir məqsəd, bir ideya ətrafında birləşdirə bildi.

Tədbirdə çıxış edən Salakətin kənd tam orta məktəbinin şagirdi Yusif Balakişiyev, Səfirlər Məclisinin Xocavənd rayonu üzrə nümayəndəsi Aydan Aslanzadə isə faciənin təbliğində gənclərin rolu, həmçinin vətənpərvər ruhda müasir gənc nəslin yetişməsində Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin müstəsna fəaliyyətlərindən danışıblar.