YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Liderin gəncliyə mükafatı

Bəxtiyar İslamov

YAP Gənclər Birliyinin sədri

26 ildir ki, ölkəmizdə 2 Fevral Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə 1997-ci ildən təsis olunan bu gün Azərbaycan gəncliyinə ərməğan edilmiş ən böyük mükafatdır. Bu gün həm də gəncliyimizin keçdiyi yolu, qazandığı nailiyyətləri və gələcəyə miras olaraq aparacağı dəyərləri xatırlaya biləcəyimiz tarixdir.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və qısa zaman ərzində Azərbaycanı xaosdan çıxarması ilə çoxşaxəli inkişafa hesablanmış addımlar atılmağa başlandı. Təsadüfi deyil ki, ilk addımlardan biri də Azərbaycan gənclər siyasətinin əsasının qoyulması oldu. Gənclər və İdman Nazirliyinin təsis edilməsi, gənclərlə əlaqədar proqramların qəbul olunması, mütəmadi görüşlərin keçirilməsi, beynəlxalq standartlara uyğun təhsil proqramlarının qurulması - bütün bunlar gəncləri Azərbaycanın gələcəyi olaraq görən Ulu Öndərin müdrik siyasətinin əsas istiqamətləri idi.

Yaxın tarixə nəzər saldıqda ölkəmizdə sağlam gəncliyin formalaşmasına yönəlmiş addımların hələ Ümummilli Liderin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdən, 1969-cu ildən başlayaraq atıldığını görürük. 1982-ci ilə qədər olan bu dövrdə gənclərimiz SSRİ-nin ən nüfuzlu universitetlərində təhsil almağa göndərilir, güclü və müstəqil Azərbaycan üçün savadlı gənclər ordusu formalaşdırılırdı. Məhz Heydər Əliyevin bu siyasətinin nəticəsi idi ki, bu gənclər sonrakı illərdə ölkəmizin inkişafında aktiv rol oynadılar.

Ulu Öndər ölkənin tərəqqisini birbaşa olaraq gənclərin hərtərəfli inkişafına bağlayırdı. Elə bunun nəticəsi idi ki, gənclər bütün sferalarda iştirak edir, dinlənilir və ictimai-siyasi həyatda aktiv vətəndaş mövqeyindən çıxış edirdilər. Bütün bunlar gəncliyimizin sağlam dəyərlərlə formalaşmasında vacib rola malik idi. Vətənpərvərlik, dövlətçilik, milli kimliyinə bağlılıq kimi prinsiplər elə həmin illərdən başlayaraq Azərbaycan gəncliyinə aşılanırdı. "Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir" sözləri də Heydər Əliyevin Azərbaycan gəncliyinə olan baxışını, verdiyi qiyməti bir daha sübut etməkdə idi.

Azərbaycan gəncliyinin ən böyük xoşbəxtliyi isə Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsində oldu. Bununla da dövlət gənclər siyasəti öz yeni mərhələsinə keçid etdi. Gənclərin fərdi inkişafı, ixtisaslaşmış mütəxəssisə çevrilməsi, müxtəlif sahələrdə öz potensiallarını aşkar etməsi, innovativ bacarıqlarının stimullaşdırılması üçün münbit şərait formalaşdırıldı. Dövlət başçısının sərəncamları ilə müxtəlif illərdə "Gənclər ili"nin, "Könüllülər ili"nin elan edilməsi isə gənclərimiz üçün əlavə motivasiya mənbəyinə çevrildi. Atılmış bu addımların nəticəsi olaraq Azərbaycan gənci ictimai-siyasi mühitin aktiv iştirakçısına çevrildi, elm, mədəniyyət, idman kimi sahələrdə həm ölkə daxilində, həm də beynəlxalq arenada möhtəşəm uğurlara imza atdı. 

Ölkəmizdə bu istiqamətdə həyata keçirilən siyasət həm də Azərbaycan gəncliyinin dəyərlərini formalaşdırdı. Belə ki, həyata keçirilən hər bir təşəbbüs və layihə gənclərimizə vətənpərvərlik, dövlətçilik dəyərlərini aşılamağa, öz tarixinə, milli kimliyinə bağlı ruhda yetişməyi hədəfləyirdi.

Şübhəsiz ki, Ulu Öndərin başlatdığı, Prezident İlham Əliyevin yeni zirvələrə qaldırdığı bu siyasət həm də yeni vəzifələrin carçısı idi. Azərbaycan gənci ölkəmizin inkişafına xidmət etməyin, dövlətimizə qarşı yönəlmiş təsirlərlə mübarizə aparmağın, ən əsası isə tarixi torpaqlarımızın düşmən işğalından azad olunaraq ərazi bütövlüyümüzün bərpa edilməsinin ən müqəddəs vəzifələri olduğunu anlayırdı. Bu vəzifənin uğurlu icrası isə yalnız savadlı, vətənpərvər, intellektual gəncliklə mümkün idi. 

2020-ci il Azərbaycan gənclər siyasətinin bariz nəticələrini görmək üçün də mühüm bir il oldu. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu misli görünməmiş zəfərə imza atdı, tarixi torpaqlarımızın mənfur düşmən tərəfindən işğalına son qoyuldu. Bu böyük qələbənin ən əsas iştirakçıları isə Azərbaycan gəncliyi oldu. Mütləq əksəriyyəti gənclərdən ibarət olan Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu. İnformasiya müharibəsində də ardıcıl qazanılan uğurlar məhz savadlı, intellektual gəncliyin fəaliyyəti idi. "Biz qəlbində güclü vətən sevgisi olan gənc nəsil yetişdirdik. Hətta torpaqlarını görməyən gənclər bir arzu ilə yaşayıb ki, ədalət bərpa olunsun və onlar öz doğma torpaqlarına qayıtsınlar", - sözləri də dövlət başçısının gənc nəslin öz dövlətinə, öz ölkəsinə olan bağlılığına verdiyi yüksək qiymətin göstəricidir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti Prezident İlham Əliyevin müdrikliyi və liderliyi ilə özünün ən uğurlu gənclər ordusunu formalaşdırdı. Bu gənclik üzərinə düşən tarixi vəzifəni uğurla icra etdi. Qalib ölkə və qalib xalq olmaq isə özü ilə yeni reallıqları gətirdi. Dünyadakı nüfuzunu daha da gücləndirən, regionun siyasi xəttini müəyyənləşdirən Azərbaycan yeni hədəflərin, yeni missiyaların daşıyıcısına çevrildi. Bu isə Azərbaycan gəncliyi üçün yeni vəzifələr, yeni məsuliyyətlər deməkdir. Müstəqilliyimizin qorunub saxlanılması, ölkəmizin daha da güclənməsi, ölkəmizə qarşı qüvvələrlə mübarizənin davam etdirilməsi, daşıyıcısı olduğumuz dəyərlərimiz və kimliyimizin gələcək nəsillərə ötürülməsi - bütün bunlar Azərbaycan gəncliyinin yeni reallıqlar mühitində əsas vəzifələridir.

Yeni vəzifələrin uğurla icrası isə güc, bilik, məsuliyyət tələb edir. Azərbaycan gəncliyi ona yaradılan şəraiti daim doğru qiymətləndirməli, vətənpərvər, savadlı olmaqla bərabər dövrün reallıqlarını yaxşı öyrənməli, innovativ düşünməyi bacarmalı, öz fəaliyyətində çevik və effektiv olmalıdır. 

Bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük mükafatlarından birinin - Azərbaycan Gəncləri Gününün tarixidir. Bu tarixdə qazandığımız uğurları xatırlamaqla qarşıda bizi gözləyən yeni nailiyyətlərə hazırlaşırıq. Azərbaycan gənci bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında yeni qələbələrə imza atacaq, yeni uğurların əsasını qoyacaqdır.  

DİGƏR Xəbərlər Arxiv